Tovuz, yoxsa "Yuventus", "Barselona", PSJ akademiyası? FOTO
- 29 Sen 2021 12:00
- 681
AFFA-nın icraçı vitse prezident-baş katibi Elxan Məmmədov bu yaxınlarda Tovuza səfər edib. Səfər zamanı o, UEFA-nın vəsaiti hesabına tikdirdiyini dediyi yerli futbol akademiyasında da olub. Tovuzlu uşaqlar özünün saldırdığı süni örtükdə futbol da oynayan Məmmədov onlara Bakıdan apardığı hədiyyələri də təqdim edib. Amma maraqlı olan bir məqam diqqət çəkməyə bilməzdi. Azərbaycan futbolunda əsas fiqurlardan olan şəxsin hədiyyəsini alan balaca futbolçular nədənsə "Yuventus"un, "Barselona"nın, PSJ-nin formalarında idi. İstər-istəməz sual ortaya çıxır: indiyə kimi bu uşaqlara forma verilməyib ki, onlar Avropanın müxtəlif klublarının formalarını geyiniblər? Nəzərə alaq ki, bu akademiya mart ayından fəaliyyətə başlayıb. Aradan keçən 7 ay ərzində tovuzlu uşaqlara forma paylanmayıb? Heç olmasa onlara yeni geyim dəstləri verib sonra bu duzsuz təbliğatınızı aparın da. Bizim onsuz da bu cür "təbliğatlar"a qarnımız toxdur. Sizin 13 illik fəaliyyətiniz dövründə nələri görmədik ki: "Top çiləmə festivalı", "Mançester Yunayted" məktəbi", "Berlin məktəbi" və s. Azərbaycan futbolu bu layihələrdən hansı xeyiri gördü ki, Tovuzdakı akademiyadan da görsün. Belə ucuz şoularla insanların başını aldada bilməzsiniz. Arada uşaqlara 5-10 top, sumka, forma paylamaqla da futbol inkişaf etmir. Futbolu inkişaf etmək üçün ağıllı, savadlı. sistem, strategiya, vicdanlı, şəffaf, peşəkar fəaliyyət lazımdır. Bunların da heç biri sizdə yoxdur.