Bu gün Azərbaycan klublarının ciddi sıxıntı çəkdiyi məsələlərdən biri də qış ayları üçün məşq meydançalarının olmamasıdır. 

Rekord.az xəbər verir ki, söhbət üstüörtülü meydançalardan gedir.

Dünənə qədər yalnız "Qəbələ"də bu cür meydança var idi. Düzdür, daha öncə "Bakı"da da olub. Lakin təssüf ki, klubun bazasını yerlə-yeksan edib göydələn tikənlər həmin meydançanı da sökmüşdü. "Qəbələ"dən sonra Premyer Liqada bu cür meydançaya malik yeganə komanda "Turan Tovuz"dur. Baxmayaraq ki, klub uzun müddət idi futbol elitasında yox idi, büdcəsi elə də çox deyil, lakin rəhbərlik infrastruktur məsələlərini həll edərkən bu məsələni də həll edə bilib. Hazırda Tovuz stadionu ərazisində yerləşən üstü bağlı meydança payız-qış aylarında əsas komanda və akademiyanın işinə yarayır.