Tovuzda uşaq futboluna xidmət edən layihə VİDEO
- 31 Okt 2019 12:51
- 927
AFFA-nın başlatdığı "Məktəblərdə futbol dərsləri" layihəsinə Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbində 55 şagird cəlb olunub.
Rekord.az xəbər verir ki, bu barədə "Report"un Qərb Mərkəzinə açıqlamasında məktəbin futbol müəllimi Mahir Tağıyev deyib.
M.Tağıyev bildirib ki, V, VI və VII siniflərdə oxuyan şagirdlərdən 30-u qız, 25-i oğlandır. O, yaradılan şəraitdən razılıq ifadə edib: "Bizim üçün hər cür şərait yaradılıb, idman forması, top və məşqlərin keçirilməsi üçün lazımı ləvazimatlarla təmin edilmişik. Həftədə 3 dəfə - 1-ci, 3-cü və 5-ci gün olmaqla 1 dərs saatı məşqlər keçirilir. Şagirdlər çox həvəslə məşqlərə gəlir və aktiv iştirak edirlər. Bu cür layihə üçün AFFA-ya böyük minnətdarlığımızı bildiririk".
Ötən həftə məktəbə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə də baş çəkib. O, “Report”a bildirib ki, layihəyə cəlb olunan məktəblərin sayı ildən-ilə artır: "Hər sinfin həftədə 2 saat olan idman dərsindən 1 saatı futbola həsr olunur. Bunu etməkdə məqsədimiz odur ki, orta məktəblərdə şagirdlərin futbola həvəsi qismən də olsa, artsın, sağlam həyat tərzi keçirsinlər, pis vərdişlərdən uzaq olsunlar. Sözsüz ki, bu uşaqların içərisində istedadlıları olarsa, onlar fəaliyyətlərini daha sonra peşəkar komandalarda davam etdirəcəklər".
C.Həsənzadənin sözlərinə görə, bu məqsədə çatmaları üçün məktəbləri forma, top və məşq üçün lazımı digər ləvazimatlarla təmin edirlər. Eyni zamanda məktəblərdə idman müəllimləri üçün seminarlar təşkil olunur, onlara əlavə tədris vəsaiti verilir ki, sağlam məşqlər keçirilsin. Layihənin sonunda, hər mövsüm olduğu kimi, birincilik keçirilir. Layihə Azərbaycan üzrə 45 məktəbi əhatə edir. Onlardan 20-si Bakıda, digərləri Gəncə, Masallı, Qax, Şəki, İsmayıllı və s. rayonlardadır. Yəni, son olaraq regiondakı məktəblər arasında yarış olur və qalibi Bakıdakı ümumi final yarışına dəvət edilir.
Departament rəhbəri belə layihələrin orta məktəb müdiriyyəti və şagirdlər tərəfindən də çox yaxşı qarşılandığını vurğulayıb: "Təəssüf ki, bəzi məktəblərdə idman dərsləri zamanı futbol oynamırlar. Hərçənd, bunun təşkili çox asan başa gəlir. Yəni, 1 top olsa, bəs edir. Layihə çərçivəsində bu boşluğu aradan qaldırmaq istəyirik. Artıq şagirdlər böyük həvəslə idman dərsinə gəlirlər. Davamlı olduğu halda, düşünürəm ki, biz bir neçə ildən sonra bu şagirdlər arasından keyfiyyətli futbolçuların yetişdiyini görəcəyik".
Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində “Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. Layihəyə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq başlanılıb. UEFA-nın pilot layihəsinə 2017-ci ildə AFFA baş sponsor SOCAR da daxil olmaqla, digər mənbələrdən gələn vəsaitin 77,396 manatını sərf edib. 2018-ci ildə isə bu məbləğ 2 dəfədən çox artaraq 169,307 manat təşkil edib. Ötən il layihədə 2925-i oğlan, 2365-i qız olmaqla, 5290 şagird iştirak edib.
UEFA İcraiyyə Komitəsinin ötən ay Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qəbul olunan qərara əsasən, "Məktəblərdə futbol dərsləri" 2020 - 2024-cü illərdə Avropa futbol qurumuna üz olan bütün ölkələrdə tətbiq olunacaq. Üstəlik, futbolun kütləviləşdirilməsinə xidmət edən layihə üçün UEFA-ya üzv olan 55 milli assosiasiyaya 4 il ərzində hər il 50 min avroya qədər vəsait ayrılacaq.