Tovuzdakı futbol akademiyasının açılışı birmənalı qarşılanmadı. Xüsusilə də federasiyanın sözügedən bazaya 4.5 milyon mabata yaxın pul xərcləndiyini açıqlaması.

Rekord.az-a tikinti işlərinin gedişi və mövcud reallıqlarla bağlı maraqlı məlumatlar daxil olub.

Əldə etdiyimiz məlumata görə, həqiqətən də açıqlanan vəsait xeyli şişirdilib. Hətta deyərdik ki, 5 dəfəyə qədər. İş ondadır ki, Tovuzda yeni salındığı 4 meydança əslində daha öncədən də orada mövcud olub. Sadəcə, həmin meydançaları asfaltlayıb, üstünə süni örtük salıblar. Həmin örtük isə nəinki 1-ci dərəcə, heç 2-ci dərəcə keyfiyyətinə də cavab vermir.

İkincisi, əsas stadionun tribunalarında heç bir təmir işi aparılmayıb, sadəcə, oturacaqlar dəyişdirilib.

Üçüncüsü, yeni inşa olunduğu deyilən üstüörtülü meydança da yeni deyil. Hələ sabiq prezident Musa Süleymanovun dövrübndə həmin meydança salınıb, ətrafı hasarlanıb, sadəcə, iş yarımçıq qalıb. AFFA həmin yarımçıq işi tamamlayıb. Yəni meydançanın üstünü göy çadırla örtüb və yerə süni örtük döşəyib.

Dördüncüsü, ərazidə yeni elektron tablo və işıqlandırma sisteminin quraşdırılacağı gözlənilsə də, bu da olmayıb. Oraya xərclənən pulun miqdarı isə...10-a vurulub.

 

Beşincisi, əsas arenanın örtüyü dəyişdirilməsi, əvəzində qaçış zolağına asfalt döşənməsi. 

Altıncı, inzibati bina da yeni tikilməyib və köhnədən mövcud olan iki mərtəbəli bina təmir olunub, ora avadanlıqlar daşınıb (stol, stul, mebel, televizor, trenajor alətləri və s.)

 

Bütün bu xərclər isə, adi riyazi hesablamalardan da görünür ki, heç 1 milyonu keçmir. Maksimum olsun 1 milyon. Bəs 3,5 milyon hara gedib?