Bir neçə gün əvvəl "Tufan" Futbol Klubunun fəaliyyətində problemlər yaranması haqqında xəbər vermiş, dağılma təhlükəsi yaşadığını yazmışdıq. Artıq bu xəbərə rəsmi mövqe gəlib. Klub tərəfində "Rekord.az"-a göndərilən yazılı açıqlamada son durumla bağlı məlumat verilib, gələcək fəaliyyət perspektivlərinə aydınlıq gətirilib. Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik:

 

"Bir sıra media orqanlarında Tufan futbol klubunun fəaliyyətinin dayandırması yazıları barədə klubun rəsmi açıqlaması
 
Tufan futbol klubu bundan sonra da fəaliyyətini davam etdirəcək. Hazırda dünyada və ölkəmizdə baş verən proseslər klubun U17 və U19 komandalarının, eyni zamanda səmərəsiz fəaliyyət göstərən bölmələrin buraxılması qərarı verilib. Belə ki, hər iki yaş qrupunda futbolçuların hazırlıq prosesindən kənarda qalması, eyni zamanda sözügedən komandaların futbolçularının əvvəlki illərdə müasir peşəkar futbolun tələb etdiyi hazırlıq prosesini keçməməsi həmin futbolçuların şərti bazarda təqdim olunmasını mümkünsüz və bu da klubun xərclərinin böyük qisminin geri qayıtmasını ümidsiz edir. Qeyd etməliyik ki, 2019-cu il ərzində Tufan futbol klubunun konsolidasiya olunmuş xərcləri uçot üzrə 310,122.88 (üç yüz on min yüz iyirmi iki manat, səksən səkkiz qəpik) manat, 2018-ci ildə 126,075.97 (yüz iyirmi altı min yetmiş beş manat, doxsan yeddi qəpik) təşkil edib. Xərclərin təxminən 40 (qırx) faizi infrastrukturun icarəsi ilə bağlıdır.
Son iki ildə Tufan futbol klubu Bakı futbol klubuna məxsus meydançaları və köməkçi yerləri icarəyə götürüb. Sözügedən obyekt 2020-ci ilin əvvəlində fəliyyətini dayandırdıqdan sonra isə klub icarə əsasında komandaların məşqlərini Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində davam etdirib. Tufan futbol klubu öz hesabına həmin meydançanın perimetrinin üç tərəfinə ümumi uzunluğu 300 metr və hündürlüyü 6 metr olan qoruyucu tor quraşdırıb. Qeyd etməliyik ki, futbolçuların peşəkar hazırlanması üçün ölkəmizdə ümumilikdə infrastruktur çatışmazlığı mövcuddur.
Klubun mövcud olduğu dörd il ərzində intensiv olaraq ölkə və dünya futbol sənayesi və təsərrüfatları araşdırılıb və bu iş davam etdirilir. İdman, xüsusilə futbol sahəsində idman elminin tətbiqi klubun əsas strateji fəaliyyəti kimi müəyyən edilib.
Tufan futbol klubu futbol menecmenti, marketinqi, futbolçu hazırlığı ilə bağlı ölkədə mövcud olan mütəxəssis çatışmazlıqlığını, eyni zamanda futbol hüququ, futbol infrastrukturu və digər resursların paylanması üzrə vəziyyəti qiymətləndirərək ümumilikdə futbolun biznes mühitininin hazırki durumunun əlverişsiz olduğu qənaətindədir. Bu səbəbdən klub bundan sonrakı fəaliyyətini fundamental işlərin görülməsi istiqamətində aparmağı hədəfləyir. Abşeron rayonu və Xırdalan şəhəri Tufan futbol klubunun inkişafı üçün böyük perspektivlər açır. Klub şəhərin inkişaf perspektivinə uyğun olaraq futbol təsərrüfatında fundamental işləri məhz bu ərazidə davam etdirir.
Beləliklə, futbol sahəsində əvvəlki illərin təcrübəsi, mövcud iqtisadi-sosial vəziyyət və futbol mühiti klubun ortamüddətli planında və xərcləri çərçivəsində edilmiş dəyişikliyə uyğun aşağıdakı kimi müəyyən edilib:
- Abşeron rayonu və Xırdalan şəhərinin perspektiv inkişaf planına uyğun olaraq müasir futbol təsərrüfatının yaradılması üçün Tufan futbol klubu tərəfindən fundamental işlərin görülməsi, o cümlədən grassroots futbola dəstək olmaq;
- Tufan futbol klubunun Abşeron rayonu və Xırdalan şəhərinin ictimai mülkiyyətinə çevrilməsi və ümumi idarəedilməsini təmin etmək;
- Abşeron rayonu və Xırdalan şəhərində gələcək peşəkar futbol üçün uşaq futbolunda ən müasir metodologiyanın, idarəetmə sistemlərinin və texnologiyanın tətbiqini dəstəkləmək;
- Tufan futbol klubunda fəaliyyət göstərən mütəxəssislərin dünyanın ən yaxşı məktəblərində idman elmi və futbol menecmenti üzrə təhsil almasını dəstəkləmək;
- Futbolda idman elmi, futbol menecmenti, futbol marketinqi sahəsində tədqiqatların və elmi araşdırmaların intensiv davam etdirilməsinin, elmi-tədqiqat və inkişaf mərkəzinin yaradılmasını dəstəklənmək;
- Abşeron rayonu və Xırdalan şəhər idarəetməsi o cümlədən, yerli icra hakimiyyəti və bələdiyyə idarələri ilə müasir futbol təsərrüfatı və infrastrukturunun qurulması üçün birgə fəaliyyətini dəstəklənmək;
- Tufan futbol klubunun inkişaf planına uyğun yerli və xarici əməkdaşlıqları dəstəklənmək;
 
Tufan futbol klubu yuxarıda göstərilənlərə əsasən bir daha bəyan edir ki, klub fəaliyyətini davam etdirir. Klub kütləvi informasiya vasitələrinə hər zaman açıqdır və xahiş olunur ki, kluba aid xəbərlər dərc olunarkən klubun rəsmi mövqeyi alınaraq dəqiqləşdirilmə aparılsın".