Turan Bayramov Avropa çempionatında ikinci oldu
- 15 Sen 2022 20:19
- 423
Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatına start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə Azərbaycanın dörd cüdoçusu qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramovun çıxışı daha uğurlu alınıb. O, 1/8 finalda Berat Bahadırı (Türkiyə), ardınca Anton Kleynosu (Polşa) “ippon”la yenib. Finalın bir addımlığında ukraynalı Nazar Viskovu da “ippon”la məğlub edən Turan, həlledici dueldə polşalı Ksaveri İqnasyakla üz-üzə gəlib. Bayramov finalda fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər. Yeni qaydalara görə, əldən tutub fənd icra edərkən, baş xalçaya doğru getməməlidir. Əks-halda, fəndi tətbiq edənə hansoku, yəni, diskvalifikasiya cəzası verirlər. Məhz həmin səhvə yol verən Bayramov yekunda gümüş medalla kifayətlənib.
Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardo Piresi (Portuqaliya) üstələsə də, sonrakı görüşdə gürcüstanlı Tornike Maziaşviliyə uduzub.
Qızların 48 kq çəkisindəki Könül Əliyeva startda Sıla Ersinə (Türkiyə), 57 kiloqramdakı Səbinə Əliyeva isə Nino Tsiklauriyə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıblar.