Tovuz azarkeşləri öz azarkeşlikləri, komandalarına verdikləri dəstəklə daim seçilirlər, diqqət mərkəzində olurlar. İstər evdə, istər səfərdə. xüsusilə ev matçlarında gözəl ab-hava, atmosfer yaradırlar. 

Lakin Rekord.az xəbər verir ki, bu gözəlliyə xələl gətirənlıər də var.

Onlara azarkeş demək nə dərəcədə yerinə düşür, bilmirik, amma bildiyimiz odur ki, həmin "azarkeşlər"in etdikləri Tovuz futboluna, Tovuzun azarkeş mədəniyyətinin adına baş ucalığı gətirmir. Birincisi, stadion tum çırtlamaq yeri deyil. Avropanın heç bir ölkəsində görə bilmərsiniz ki, azarkeş tum alıb stadiona gəlsin və oturub baxa-baxa çırtlasın. Yaxşı, deyək ki, tumsuz dayan bilməyib özünüzə məşğuliyyət axtarırsınız. Heç olmasa bunu, mədəni şəkildə edin də. Tumu, tum kağızlarını, salafan "klyoklar"ı, su qablarını zibilxanaya çevirdiyiniz stadionda qoyub getmək hansı azarkeş mədəniyyətinə sığır? Bəlkə "Turan Tovuz"un növbəti ev oyunlarına yaponları gətirək? O yaponlar ki, Qətərdəki dünya çempionatında oyundan sonra nəinki öz tullantılarını, hətta digər azarkeşlərin də tullantılarını toplayıb stadionu təmizləməmiş oranı tərk etmirdilər. Təbii ki, bütün bu dediklərimiz stadiondakı gözəlliyə kölgə salan "azakeşlər"ə aiddir. Bəlkə də onlardan hansısa biri bu fotoları görüb öz əməlindən peşman oldu...