"Turan Tovuz" və MOİK-dən kubokdan imtina ilə bağlı rəsmi açıqlama: hər ikisi pulu önə çəkdi
- 07 Noy 2019 15:00
- 926
Premyer-liqada 8 komandanın iştirak etməsi azmış kimi, srağagün məlum oldu ki, ölkə kubokunda da cəmi 12 kollektiv titul uğrunda mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, bu məsələyə dəfələrlə toxunub, uzağa getmədən qonşumuz ölan ölkələrdə kubok yarışına qoşulan komandaların sayının daha çox olduğunu vurğulamışıq.
Çox maraqlıdı ki, əksər ölkələrdə avrokuboklara ən qısa yol sayılan yarışa həvəskar komandlar qoşulsa da, bizdə peşəkar status daşıyan komandalar ölkə kubokunda iştirakdan imtina edirlər. Cari mövsümdə birinci divizionda çıxış edən və hazırda turnir cədvəlinə başçılıq edən “Turan Tovuz” və ötən il çempionluğu bayram edən MOİK kimi. Hər iki klub noyabrın 13-də püşkü atılacaq yarışda iştirakdan boyun qaçırıblar.
İmtinanın səbəbini bilmək üçün dünən Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq: “Hazırda komanda birinci divizionda liderdi. Məqsəd mövsümü ən azı ilk “üçlük”də başa vurmaqdı. Heyətimiz də o qədər geniş deyil. Əsasən gənclərdən qurulan komandadı. Bütün bunları nəzərə alıb, iki cəbhədə mübarizə aparmağın bizə problem yaradacağını düşündük və qərara aldıq ki, ölkə kubokunda iştirak etməyək. Digər tərəfdən, kubokda iştirak minimum iki oyunda meydana çıxmaq deməkdi. Onu da bilirsiz ki, Tovuz stadionunda təmir işləri getdiyindən komanda bütün görüşləri Bakıda keçirmək məcburiyyətindədi. Bu isə o deməkdi ki, komanda azı iki dəfə Bakıya səfər etməlidi ki, bu da əlavə maliyyə deməkdi. Büdcəmiz məhdud olduğundan sağa-sola pul xərcləyə bilmirik”.
MOİK-in baş məşqçisi Ramin Nəsibov isə imtinalarını belə əsaslandırdı: “Artıq neçə ildi ki, MOİK ölkə kubokuna qatılmır. Bu dəfə də qərara alındı ki, eyni addımı ataq. Səbəb? Premyer-liqa ilə divizionun səviyyəsi eyni deyil. Düzdü, futbolda sürpriz həmişə olub. Ancaq hər şeyi real qiymətləndirmək lazımdı. Bundan başqa, klubun öz stadionu yoxdu. Püşkdə bizə “Qarabağ”, “Neftçi” kimi komandalar düşə bilər. Həmin klubları Lökbatandakı arenada qəbul etmək nə dərəcədə düzgün olar? İmtinada maliyyə məsələsi də müəyyən qədər rol oynadı”. ("Futbol plus" qəzeti)