Premyer Liqaya yenidən dönən "Turan Tovuz" qısa müddət ərzində müsbət mənada bir çox işlər gördü. Bu işlərin nəticəsində əsas komanda cari mövsüm, haqqında xoş təəssüratlar yaratmağa nail olub. Lakin klub rəhbərliyi tək əsas komanda ilə kifayətlənmir, eyni zamanda akademiyanın inkişafı üçün də minimum imkanlarla maksimum işlər görməyə çalışırlar.

Hətta qadın futbolu da diqqətdən kənarda qalmır. Belə ki, rəhbərlik elitaya ilk dönüş ilində qadın futbolunu da formalaşdırmağa nail oldu. Düzdür, futbolçu resursu cəhətdən qonşu Qazaxın da köməyinə ehtiyac oldu. Çünki Tovuzla müqayisədə Qazaxda qızlardan ibarət komanda var idi. Lakin həmin komandanı saxlamaq çox çətin idi. Məhz belə çətin anda "Turan Tovuz"  həm öz öhdəliyini, işini həll etmiş oldu, həm də Qazaxda əziyyətlə formalaşdırılan komandanın məhvinə imkan vermədi.

Daha detallı məlumatı isə Rekord.az-a açıqlamasında "Turan Tovuz"un qızlardan ibarət komandasının baş məşqçisi Elvin Əliyev verdi: "Bir il öz adımızla oynadıq, “Qazax gənclər” Futbol Klubu adı ilə, U-13 liqasında. İlk ildəcə 3-cü pilləyə də layiq görüldük. “Bahar turniri”ndə də yaxşı nəticəmiz oldu. Milli komanda səviyyəsinə yüksələn qızlarımız da oldu. Nəsibli Ləman, Əsədova Ziyatel və Nərmin Abbaszadə artıq milli komandaya dəvət alıblar. Lakin təəssüf ki, sonra maddi cəhətdən ciddi sıxıntılar oldu. Açığı Qazaxda elə şəxslər də olmadı ki, komandaya dəstək olsun. Rayon rəhbərliyi, gənclər və idman idarəsi tərəfindən də dəstək olmadı".

 

Elvin bəy daha sonra "Turan Tovuz"la əməkdaşlıq mühitinə toxundu:

"Həmin ərəfədə “Turan Tovuz” rəhbərliyindən təklif gəldi. Bildiyiniz kimi, AFFA tərəfindən Premyer Liqa klubları qarşısında qadın futbol komandalarının yaradılması da tələb kimi qoyulub. “Turan Tovuz” da elitaya yeni qayıtdığı üçün qısa zamanda qadın komandası formalaşdırmaq çətin idi. Bu mənada bizə təklif etdilər ki, bütün xərcləri qarşılayırar, əvəzində biz də onların adından çıxış edək. Mən də şərtlərlə tanış oldum, gördüm ki, çox uyğundur. Çünki bütün tələbat ödənilirdi. Forma, top, inventar, nəqliyyat, yemək xərcləri və s. Bundan başqa, komandamızda bir xanım məşqçi var, onun da maaşını qarşıladılar və o da komandada faəliyyətini davam etdirir. Bu mənada “Turan Tovuz” rəhbərliyinə də göstərdikləri dəstək üçün təşəkkür edirəm. Həqiqətən bugünkü gündə, özü də rayon yerində qızlardan ibarət komanda formalaşdırmaq çox çətindi”.

Həmsöhbətimiz komandada çalışan məşqçilər korpusu və komandanın məşq qrafiki haqda da məlumat verdi: “Hazırda komandamızda üç məşqçi çalışır. Baş məşqçi mənəm. Köməkçilərimdən biri Samirə Abdulkərimovadır. Qapıçılarla işləyən məşqçimiz isə Elfaq Əliyevdi. Bütün məşqçilərin maaşı "Turan Tovuz" tərəfindən vaxtlı vaxtında ödənilir. Həftədə dörd dəfə məşq edirik. Məşqlərdən biri Tovuzun futbol akademiyasında olur. Qalan üç məşq isə Qazaxın İsmayıl Şıxlı adına Kosalar kənd meydançasında keçirilir. Çünki komandanın demək olar ki, bütün üzvləri qazaxlıdır və bu mənada məşqlərin çoxu Qazaxda olur”.

 

 

 

 

Anar XANLAROV