“Turan” PFK-nın təsisçisi və ilk prezdienti Vidadi Əhmədova 70 illik yubileyi münasibəti ilə xatirə hədiyyəsi təqdim olunub.

Rekord.az xəbər verir ki, bu gün keçirilən “Turan Tovuz”  - “Zirə” oyunundan öncə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Vidadi Əhmədovu yubiley münasibəti ilə təbrik edib, ona komandanın 70 nömrəli formasını təqdim edib.

Bundan əvvəl isə Tovuz şəhər stadionunda Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olunub. Tədbirdə “Turan Tovuz” PFK-nın rəhbər və işçi heyəti, rayon içtimaiyyəti, veteran futbolçular və akademiya məşqçiləri  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ehtiram Quliyev sözlərinə keçmişinə sahib çıxmayanların gələcəyi də olmaz ifadəsi ilə başlayaraq Vidadi Əhmədovun ölkə futboluna verdiyi töhfələr və onun yaratdığı “Turan”ın ölkə futbolunun inkişafında müstəsna xidmətinin olması haqda danışıb, Əhmədovu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, veteran futbolçu Nizami Sadıqov, klubun idarə heyətinin üzvü Yaşar Sultanov da öz növbələrində yubilyarı təbrik ediblər. 

Sonda çıxış edən Vidadi Əhmədov klubun əmin əllərdə olduğunu qeyd edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Klubun rəhbəri tərəfindən Əhmədova xatirə hədiyyəsi təqdim edilib.