“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.


Qurum 1-ci Liqanın təmsilçisi “Difai”nin şikayətini isə qismən təmin edib.


“Difai” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair


1. “Difai” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 3 aprel 2025-ci il tarixdə I Liqada XX tur çərçivəsində keçirilən “Difai” – “Karvan” oyunu ilə əlaqədar olaraq I liqanın Əsasnaməsinin tələblərinin pozulmasına (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 70.1-ci maddəsi) görə klubun 50 AZN, oyun günü planının pozulmasına görə (həmin Məcəllənin 77.1-ci maddəsi) isə 100 AZN cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 8 aprel 2025-ci il tarixli qərarları ləğv edilsin.

3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun  işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.

4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

“Turan Tovuz” Peşəkar Futbol Klubunun baş məşqçisi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 12 aprel 2025-ci il tarixdə Misli Premyer Liqasında XXX tur çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.