"Turan Tovuz"un ispanı ölkəmizdə xoşbəxtdi: "Bu çempionatda oynamaq mənə zövq verir"
- 12 Dek 2024 11:00
- 327
"Turan Tovuz"un ispaniyalı futbolçusu Alexandro Serrano Rekord.az-saytına özəl açıqlamalar verib. İspaniyalı futbolçu öncə "Şamaxı" ilə oyunda qeydə alınan dramatik 3:2-lik qələbəni şərh edib: "Tək bu oyun yox, çempionatdakı bütün oyunlar çətin keçir. Nəzərə alsaq ki, son oyunlarda qələbə qazana bilmirdik, üzərimizdə bunun da gətirdiyi psixoloji basqı var idi. İlk hissədə çox səhvlər buraxdıq, bizim üçün elə də yaxşı keçmədi. Fasilədən sonra isə taktiki dəyişikliklər elədik və qələbə eşqinin yüksək olması da bizə kömək elədi və yekunda qələbə qazandıq".
Serrano qış fasiləsinə qədər "Zirə" və "Neftçi" ilə olacaq oyunlar və qış fasiləsinə 3-cü pillədə yollanmaq persektivi haqda sualı isə belə cavablandırıb: "Bəli, bundan sonra bütün oyunlar çətin olacaq, bizi çətin oyunlar gözləyir. Özü də qarşıdakı iki turda elə komandalara qarşı oynayacayıq ki, məsələn, "Zirə" ötən mövsümlə müqayisədə bu mövsüm sanki bir qədər çətinlik çəkir, "Neftçi"də də həmçinin, işləri bir qədər qaydasında getmir. Görək baş məşqçimiz rəqibləri necə təhlil edəcək, bizə hansı tapşırıqları verəcək, biz də oyunlara həmin təlimatlara uyğun olaraq, hazırlaşacayıq".
İspan yarımmüdafiəçi ölkəmizdəki yaşam tərzi, burada özünü necə hiss etməsindən də danışdı: "Gəldiyim ilk gündən özümü burada yaxşı hiss edirəm, xoşbəxtəm burda. Həmçinin, ailəm də burada özünü yaxşı hiss edir. Qısası, ailəliklə ölkəyə uyğunlaşmışıq. Çempionat da ağır çempionatdı, bu çempionatda oynamaq da mənə zövq verir, xoşuma gəlir. Bu cür də davam edəcəyik və fikirim burada qalmaqdı".