"Turan Tovuz"un Kürdəxanıdakı bazası nə vaxt hazır olacaq?
- 11:00
- 66
"Turan Tovuz"un Kürdəxanıda inşa etdiyi yeni baza mart ayından etibarən futbolçuların ixtiyarına veriləcək.
Bu haqda Rekord.az-a "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.
O, eyni zamanda digər infrastruktur layihələr haqda da məlumat verib: "Kürdəxanıdakı bazamızda 3 meydança nəzərdə tutulub. Təbii örtüklü bir meydançamız demək olar ki, hazırdı. Sadəcə, qış ayları olduğu üçün işimizi bir qədər ehtiyatlı tuturuq. Amma dediyim kimi, meydança demək olar ki, hazırdı və mart ayından etibarən komandamız orada məşqə çıxa biləcək. Hər halda, mütəxəssislər belə deyir. Binanın tikintisinə isə yaz-yay aylarında başlayacayıq, artıq layihə də hazırdı. Çox möhtəşəm layihədi. Düşünürəm ki, qısa müddətdə onu da tikib təhvil verəcəyik. Ona qədər isə hazırda hazır olan 4-5 otaqlıq otaqlarda futbolçular formalarını dəyişib məşqə çıxacaq. O cümlədən məşqçilər üçün də otaq var. Analitik çəkiliş üçün də yer ayrılıb. İkinci meydançanın da təməli hazırdı, birinci meydançada məşqlərə başlayanda, ikinci meydançada da ot səpini başlayacaq. Rayondakı bazanın tikintisi niyə uzandı, çünki rayon yerində fəhlə, usta tapmaq çətindi. Amma ordakı binanın "Huner Group" özü tikəcək. Rayonda inşası nəzərdə tutulan baza da gündəmdə qalır. Bəziləri elə düşünə bilər ki, Kürdəxanıdan sonra həmin layihə yaddan çıxdı, xeyr, sadəcə, onu ikinci plana keçirdik. Niyə belə etdik, bunu da izah edim. Məlum məsələdir ki, futbolçularımızın əksəriyyəti, xüsusilə də legionerlər Bakıda qalır. Belə olunca, məşqlərimizin çoxunu paytaxtda keçirməyə məcbur idik. Bu zaman isə ciddi meydança problemi ilə üzləşirdik. Düzdür, sağ olsun, "Sabah", "Səbail", "Sumqayıt", "Qarabağ", "Neftçi" kimi klublarımız da zaman-zaman bizə öz bazalarında məşq imkanı yaradırdılar. Amma bu da problemi daimi həll etmirdi. Çünki bəzən onların özünün də qrafikəri sıx olurdu, komandaları məşqə, oyuna çıxırdı. Bundan başqa, komandanın Bakıda qalması, qidalanması da böyük miqdarda vəsait aparırdı. Həmçinin, istədiyimiz qidanı da ala bilmirdik. Biri var futbolçu üçün qidanı adi otel aşbaz hazırlasın, biri də var peşəkar idman aşbazı. Bu mənada Bakıda "Turan Tovuz"un öz bazasının olması labüd idi. Buna görə də qərara aldıq ki, rayondakı bazanın tikintisini ikinci plana keçirib, Kürdəxanını önə çəkək. Qeyd edim ki, Tovuzda da bir təbii və bir süni örtüklü meydançanın salınması nəzərdə tutulub. Onu da deyim ki, Tovuzdakı baza daha çox əvəzedici komanda və akademiya üçün nəzərdə tutulub. Bu da çox vacibdi. Çünki hazırkı stadionumuz çox yüklənir. Təsəvvür edin, bütün komandalarımız burda məşq edir, burda oynayır. Üstəlik, "Kəpəz" də ev oyunlarını burda keçirir".