Nurlan Novruzov karyerasını Nepalda davam etdirəcək. 28 yaşlı hücumçu bu ölkənin “Maçxindira” klubu ilə anlaşıb. “Bakı”nın yetirməsi olan, ölkəmizdə “Sumqayıt”, “Səbail” və “Zirə”də çıxış edən futbolçu ilə yeni komandasından, müqavilənin şərtlərindən və gələcək karyerasından danışdıq.

 



- Xeyirli olsun, sən hara, Nepal çempionatı hara?
- Estoniyada çıxış edəndə koreyalı menecer bizə oyunçu gətirmişdi. Həmin müddətdə ölkədə 2 ay müddətinə karantin elan olundu. Bu səbəbdən də menecer Estoniyadan kənara çıxa bilmədi. Qurban olum Allahın işinə. Koreyalı menecer məcburiyyətdən bizim bütün oyunları izlədi. Dəfələrlə oyunumu bəyəndiyini söylədi. Azərbaycana qayıdandan sonra Estoniyadan məni istəyən komanda var idi. Həmin ölkədə qalıb, çıxış edə bilərdim. Alınmaması da öz səhvim oldu. Qalıb orda işimi həll etmədim. Bakıda olan müddətdə, əsasən də son 2-3 ayda dəfələrlə yazdı ki, gəl, səni düzəldim Nepal çempionatına. Mənə dedi ki, burda oyna, özünü yaxşı tərəfdən göstər, səni aparacam Taylanda. Mən də həmişə bunu yola verirdim. Sonra gördüm ki, 4 aydan çoxdu futbolsuz qalmışam. Sonda razılaşdım. Amma əvvəlcədən dedim ki, çempionatın sonuna kimi oynaya bilərəm. Bilet pulu bahadı. 1800 dollar vermək istəmədim. Ondan sonra Nepal klububun baş məşqçisi videolarımı izləyib, oyunumu bəyənmişdi. O da prezidentlə danışıb, bilet pulunu ödəməyə razı salıb. Sonra mənə zəng etdilər ki, vizan həll olunub, biletin hazırdı, koronavirus testini ver, gəl. Mən də Allaha şükür, dünən hər şeyi həll etdim. İndi də gedirəm Nepala. Amma əvvəlcə Dubaya gedib, sonra Nepala keçəcəm. İnşallah, hər şey yaxşı olar.

- Müqavilənin şərtləri necədi?
- O qədər də böyük müddət deyil. 1 ay 15 gün orda olacam. Həmin müddətdə 5-6 tur meydana çıxacam. Ora getməyimin əsas səbəbi formada qalmaqdı. Yayda “transfer pəncərəsi” açılanda başqa klublar deməsinlər ki, 6 ay komandasız qalıb. Ən azı 1 ay 15 gün ərzində məşqsiz, futbolsuz qalmayacam. Mənim üçün əsas oynamaq və formada qalmaqdı.

- Bu müddət ərzində nə qədər qazanacaqsan?
- Mənə çatacaq pul 3 min dollar olacaq. İndi orda nə qədər yazılıb, dəqiq bilmirəm. Komanda hazırda turnir cədvəlinin lideridi. Hər şey yaxşı olsa, çempion olsalar, əlavə 2 min dollar mükafat da veriləcək. Mən onsuz da orda 5-6 oyunda meydanda olacam. Çempionat bitir artıq. Bunları nəzərə alıb, təklifi qəbul etdim. Yenə deyirəm, əsas komandasız qalmamaq üçün gedirəm. Özlərinə də açıq dedim ki, pul mənim üçün əsas deyil. Düzdü, çox uzaq məsafədi. Qurban olum Allaha, hiss edirəm ki, hər şey yaxşı olacaq. Orda da özümü ən yaxşı tərəfdən göstərəcəm. Azərbaycanı təmsil edəcəm. Çalışacam deməsinlər ki, uzaq diyardan bir oyunçu gəldi, birköpüklük oynamayıb, getdi. Əlimdən gələni edəcəm ki, xatirələrində yaxşı qalım.

- Nepal çempionatı barədə məlumatın var?
- Ancaq menecerim məlumat verib. O, Estoniyadakı oyunlarımı izləyib. Mənə həmişə deyir ki, sən Nepal çempionatında şou göstərəcəksən. O da mənə çox yaxşı dəstək olur. Əsas istəyi budu ki, Nepal çempionatında 5-6 qarşılaşmada özümü yaxşı tərəfdən göstərə bilim. Bundan sonra məni daha yaxşı çempionatlara yönəltməyə çalışacaq.

- “Maçxindira”nın çempionluğa oynadığını dedin. Komanda qızıl medal qazansa, orda qalıb, Asiya Çempionlar Liqasında iştirak etmək istəməzsən?
- Buna oyunlardan sonra qərar verəcəm. Oynaya-oynaya liqanın səviyyəsini, komandanın gücünü öyrənəcəm. Sonda qalıb-qalmayacağımı müzakirə edəcəyik. Hər şey yaxşı olsa, niyə də qalmayım?! İstədiyim səviyyədə olsa, yeni mövsüm üçün danışıqlar aparıb, müqavilə bağlamaq olar.

- Bizdə olan məlumata görə, “Turan Tovuz” sənə aylıq 1000 manat maaş təklif edib. Əvvəlcə razılaşıb, sonra imtina etmisən.
- Həmin məsələ fərqli oldu. Oqtay Abdullayev mənə təklif etdi. Elə bildim ki, məşq edəcəm, uşaqlara dəstək olacam. Sonra Oqtay müəllim dedi ki, 7-8 tur qalıb, oynayaraq komandaya kömək ol. Ona “yox” deməyə çətinlik çəksəm də, razılaşmadım. Çünki 1-ci divizionda oynamaq istəmirdim. Vallah, pul məsələsi olmadı. Sadəcə, 1-ci divizionda oynamaqdansa, karyeramı bitirmək yaxşıdı. Bunu Oqtay müəlimə izah etim, sağ olsun, başa düşdü.

- “Turan Tovuz” divizonda çempion olub, premyer-liqaya vəsiqə qazansa, burda çıxış etmək istəyərsən?
- Yenə deyirəm, məsələ Tovuzla bağlı deyil. Bakı təmsilçisi belə olsaydı, 1-ci divizionda oynamaqdan imtina edərdim. Allaha and olsun ki, yekəxanalıq mənasında demirəm. Bu liqada oynamaq əvəzinə karyeramı bitirərəm. “Turan Tovuz” premyer-liqada çıxış etsəydi, sevə-sevə komandanın şərəfini qoruyardım. Əlimdən gələnin ən yaxşısını edərdim. Başqa problem yox idi. Sadəcə, bu liqada oynamaq istəmədim. Gələcək barədə isə Nepaldakı karyeramdan sonra daha dəqiq qərar verəcəm. Hələlik ancaq yeni komandam barədə düşünürəm.

- Ümid edək ki, orda işlərin uğurlu olar və Asiyanın, Avropanın daha güclü ölkələrinə transfer olunarsan.
- Təşəkkür edirəm ki, maraqlanıb, müsahibə götürdüz. Mənim də əsas məqsədim budu. Allahın köməyi ilə ən yaxşısını etməyə çalışacam. ("Futbol plus")