"Turan Tovuz"un yeni bazası hazırdı.

Bunu Rekord.az-a açıqlamasında Tovuz klubunun İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

Söhbət əsas komandanın qalması üçün nəzərdə tutulan 3 mərtəbəli yeni tikilidən gedir. Balakişiyev yeni baza və onun özəllikləri haqda geniş danışdı: "Yeni binamız 3 min kv-dən çoxdur. Zirzəmi ilə bərabər 4 mərtəbəlidir. 30 otaqdan ibarətdir. Bunlardan altısı məşqçilər və həkimlər üçün nəzərdə tutulub. Həkim və masaj otaqları tam peşəkar tələblərə cavab verir. Bundan başqa, çox böyük istirahət zalımız da var.  Kofe və çay üçün ayrıca istirahət guşəsi yaradılıb. Tennis və s. əyləncələr üçün də məkan qurulub. Yəni futbolçular asudə vaxtlarını çox rahat şəkildə keçirdə biləcəklər. Halbuki hazırkı binamızda o cür şərait yoxdur. Həm də otaq sayı çatışmır. Təbii ki, belə olan halda, akademiyanın uşaqları üçün də lazımı şərait yarada bilmirik. Yeni binanın tikilmə tarixçəsi haqda da sizə deyim. Demək biz bura  yeni gələndə Ehtiram müəllim ("Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev) otaqları tək-tək gəzirdi, akademiyanın uşaqlarının otağına girəndə və 6 uşağın bir otaqda qaldığını görəndə bu layihə həmən yarandı. Dedi ki, biz peşəkar futbolçu yetişdirmək istəyiriksə, 6 futbolçu 18-20 kv-lıq bir otaqda qala bilməz. İkincisi, onları bizə əmanət ediblər, biz isə onları gətirib belə bir sıx otaqda yerləşdirmişik. Ona görə bu layihə yarandı ki, əsas komanda üçün yeni bina tikək, akademiyanın uşaqlarının da şəraiti yaxşılaşsın. Yeni mövsümdən hər otaqda 6 yox, 2, maksimum 3 uşaq qalacaq. Eyni zamanda akademiyamızın uşaq sayını da artırmağı düşünürük. Hazırda 50 uşağımız var. Daha doğrusu, yerimiz maksimum bu sayda uşaq saxlamağa imkan verir. Başqa seçim etdiyimiz uşaqlar da var, hansılarla ki, müqavilə bağlamışıq, sadəcə, binamızda qalmağa yer olmadığı üçün hələlik öz klublarında oynamağa davam edirlər. Onu da deyim ki, bizim akademiyaya seçimlər ildə iki dəfə olur. Yayda sırf Tovuzdan olan uşaqları seçirik, qışda isə digər bölgələrimizdən. Bəzi uşaqlara stadionun yaxınlığında evlər kirayələmişik. Tovuzun uzaq kəndlərindən olan uşaqların gediş-gəlişi üçün yol pulu ayırırıq. Əsas komanda yeni bazaya köçəndən sonra bu məsələdə də işimiz xeyli yüngülləşəcək".


Anar XANLAROV, Tovuz