Türkiyə çempionu “Başakşəhər” hücumçusu Edin Vişça ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının da formasını geyinən 30 yaşlı futbolçu, yeni müqaviləyə əsasən 2025-ci ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Vişçanın İstanbul klubu ilə əvvəlki müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi.

Qeyd edək ki, Vişça 2011-ci ildə transfer olunduğu “Başakşəhər”ə 9 ildir xidmət edir. Artıq komandanın kapitanlıq sarğısını da daşıyan futbolçu, bu komandanın heyətində Super Liqada 270 matça çıxıb, 76 qola imza atıb. TFF 1-ci liqada 34 oyuna 10, Türkiyə Kubokunda 19 oyuna 1 qol vuran Vişça, UEFA Çempionlar Liqasında 6 (2 qol), Avropa Liqasında isə 22 oyun (11 qol) keçirib.