Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələnin hiss edildiyi şəhərlərdən biri də Aksaraydır.  "Rekord.az" xəbər verir ki, Aksarayda olan qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova bu təbii fəlakəti canlı yaşayıb.

Aksarayın "Kuzeyboru" klubunun şərəfini qoruyan hücumçumuz  hazırda təhlükəsizlikdədir. Veleybolçumuzla əlaqə saxlayıb vəziyyəti ilə maraqlandıq. Rəhimova Aksarayda da bir neçə güclü təkanın olduğunu və evinə ziyan dəydini  deyib: "İlk təkan gecə təxminən 04:20-də oldu. Növbəti güclü təkan isə saat 13:20 radələrində oldu. Hər iki təkan zamanı evimin divarlarında çoxsaylı irihəcmli çatlar yaranıb. Çox şükür mən yaxşıyam. Lakin digər bölgələrdə çoxsaylı insan tələfatı var. Xəsarət alanlar var. Dağıntılar altından hələ də insanlar qalır. Tez zamanda hamısı xilas olunsun. Yaralılara Allahdan şəfa, həlak olanlara isə rəhmət diləyirəm".

Gün ərzində Türkiyədə təkanların davam etdiyini deyən Rəhimova bildirib ki, Türkiyə Voleybol Federasiyası ölkədə keçirilməsi nəzərdə tutulan bütün yarışları qeyri-müəyyən vaxtadək təxirə salıb. Oyunçular hazırda ailələrinin yanına gediblər. Polina da həmçinin ailəsinin, həyat yoldaşının yanına yollanıb.

Qeyd edək ki, bu gün yerli vaxtla 04:17-də (Bakı vaxtı ilə 05:17-də) Türkiyənin Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub. Zəlzələ Türkiyənin Adıyaman, Adana, Ankara, Antalya, Qaziantep, Diyarbəkir, Kayseri, Mersin, Trabzon, Şanlıurfada şəhərlərində də hiss olunub. Bir çox şəhərdə ciddi dağıntılara və itkilərə səbəb olub. Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 3300 nəfəri keçib.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.