Türkiyə klubundan daha üç transfer
- 21 Avq 2021 12:43
- 520
Türkiyənin “Giresunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Süleyman Dukara ilə Jozef Uilyam Çampnessi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dukara ilə 2 illik müqavilə imzalanıb. Çampnesslə müqavilənin müddəti isə açıqlanmır.
Süleyman Dukara son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Ettifaq”da forma geyinib. O, 2019-cu ildən sözügedən komandada çıxış edirdi. 29 yaşlı vinger daha öncə Türkiyədə “Osmanlıspor” və “Antalyaspor”un uğurları üçün çalışıb. Karyerasının 6 ilini İtaliyanın aşağı liqa klublarında keçirmiş fransız futbolçu, 2014-2017-ci illərdə “Lids”in də formasını geyinib.
Jozef Uilyam Çampness isə Avstraliyanın “Nyukasl Jets” klubundan transfer olunub. Yeni Zelandiyadan olan, ölkəsinin millisinə də dəvət alan 24 yaşlı vinger, geridə qalan mövsümü icarə əsasında “Brisbane Roar” klubunda keçirib. O, “Akademika de Koimbra”, “Moreton Bay Yunayted” klublarının da formasını geyinib.
Maraqlıdır ki, Çampness futbolçu karyerası ilə yanaşı, həm də musiqiçidir. Rep janrında mahnılar ifa edən Jozef, bu il artıq 5 sinql təqdim edib. Onun ən məşhur “My Plan” mahnısı müxtəlif platformalarda 3.5 milyondan çox izlənilib.
“Giresunspor” “Qalatasaray”ın sol cinah müdafiəçisi Emre Taşdemiri də icarəyə götürüb. 26 yaşlı futbolçu mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq. 2019-cu ildən “Qalatasaray”da olan Türkiyə millisinin üzvü, ötən il “Kayserispor”da da icarədə oynamışdı. O, əvvəllər “Bursaspor” və “Ankaragücü”nun uğurları üçün çalışıb.