Türkiyə klubunun təklifini qəbul etməyib: “Neftçi”dən daha çox pul verirdilər, amma risk etmədim” MÜSAHİBƏ
- 03 İyl 2021 15:00
- 1151
Veteran futbolçu, hazırda “Neftçi” klubunda çalışan Rəşad Abdullayev Rekord.az-a müsahibə verib:
- Geridə qalan futbol mövsümünü necə dəyərləndirırdiniz?
- Bildiyiniz kimi, mən “Neftçi”də həm U-19-un baş məşqçisiyəm, həm də əvəzedici komandada Mahmud Qurbanovun köməkçisiyəm. Pandemiya səbəbindən U-19-ların çempionatı yarımçıq qaldı. Yalnız mövsümün sonunda az sayda komandanın iştirakı ilə kubok yarışı keçirildi. Əvəzedici komandamız isə I Divizionun qalibi oldu. Əsas komandamızın da çempionluğunu bura əlavə etsək, mövsüm “Neftçi” klubu üçün uğurlu oldu.
- “Neftçi”də sistem necə qurulub, bütün komandalar əsas komandanın sistemi ilə oynayır, ya necə?
- Sistemdə ola bilsin, fərqlər olsun. Çünki bəzən rəqibə görə məşqçilər sistemdə dəyişiklik etməli olur. Amma ümumilikdı iş sistemli şəkildə qurulub. Bütün komandaların baş məşqçiləri əsas komandanın məşqçilər korpusu ilə mütəmaddi olaraq, ünsiyyətdəyik. Məsələn, əvəzedici komandadan əsas komandaya bir sıra futbolçular cəlb olundu. Əsas komandada hazırlıq keçsələr də çempionatda əvəzedici komandada oynamalı oldular. Çünki məşq başqadır, oyun başqa, Oyun çox vacib olduğu üçün əsas komandayab cəlb edilən futbolçular çempionat oyunlarında yenidən bizdə oynayırdı.
- “Neftçi”də futbol məktəbi daim güclü olub. Yəni bir qayda olaraq klubun öz yetirmələri əsas komandaya cəlb olunub. Son illər sanki bu tendensiya səngiyib. Sizə də elə gəlmir ki?
- Bəli, razıyam, “Neftçi”nin uşaq məktəbi hər zaman güclü olub. Elə ordan yetişən futbolçular sonradan əsas komandada, milli komandada aparıcı simalara çevirilib. Mən “Neftçi”də oynadığım zaman “92-lər” yeni-yeni yetişirdi. Məhz həmin uşaqlar sonradan sözlərini deyə bildilər. Son illərdə də klubda yeni yetişən istedadlı gənclər var. Sadəcə, pandemiya, çempionatın yarımçıq qalması onların özlərini tam olaraq göstərməsinə mane oldu.
- Gələk ölkə futbolunun hazırkı durumuna. Çempionatın səviyyəsi nə dərəcədə sizi qane edir?
- Əlbəttə komanda sayı çox olsa daha yaxşı olar. Hamımız deyirik 10 komanda olsun, 12 komanda olsun, amma başqa bir məqam da var. Komanda sayının çox olması ilə iş bitmir. Gərək həmin komandaların şəraiti, imkanı da olsun. Yəni mövsüçmün ortasında çempionatı yarımçıq qoymasınlar. Hazırda 8 komanda olsa da, ümumilikdə maraqlı çempionat keçdiyini düşünürəm. Sadəcə, 8 komanda olduğundan futbolçular bir-birləri ilə çox qarşılaşırlar ki, bu da hardasa sıxıcı ola bilər. Komanda sayı çox olsa, bu, olmaz. Bir də təbii ki, komanda sayı çox olsa, məşqçilərimiz üçün də yaxşı olar, işsiz məşqçilərimiz iş tapar, futbolçu sayı çox olar, milli üçün seçim imkanı artar.
- Çempionatımızda elə futbolçular var ki, az qala hər mövsüm klub dəyişir. Siz amma elə də çox klubda oynamamısınız...
- Karyeramın əsas hissəsi “Xəzər Universiteti”, “Xəzər Lənkəran” və “Neftçi” ilə bağlıdır. Xüsusilə “Xəzər Lənkəran” və “Neftçi”ni qeyd edərdim. “Xəzər Lənkəran”da 5 il, “Neftçi”də isə 3 il oynadım. Hər iki komandanın heyətində çempionluq qazandım, hər iki klub mənim üçün doğmadır. Karyeramın sonuna doğru “Qəbələ”, “Zirə”, “Rəvan” kimi klublarda da oynadım, amma bu klublarda elə çox forma geyinmədim. Ümumiyyətlə, yaxşı olar ki, futbolçu tez-tez klub dəyişməsin.
- O vaxt “Xəzər Lənkəran”dan “Neftçi”də keçidiniz bir qədər gözlənilməz oldu. Çünki “Xəzər Lənkəran”da 5 il idi forma geyinirdiniz, əsas heyət üzvü idiniz və klub da ölkənin ən varlı klublarından idi...
- O vaxt “Neftçi”də də maddi durum yaxşı idi. Ümumiyyətlə, həmin dövrdə bir çox klublarda maddi durum yaxşı idi, sponsorlar klublara yaxşı pul xərcləyirdi, futbolçulara yaxşı müqavilələr təklif olunurdu. Mənim də 28-29 yaşım var idi. Karyeramın pik nöqtəsi idi. Keçidimdə maddi məsələnin rolu olmadı. Sadəcə, klubumu dəyişdim. Həmin vaxt “Xəzər Lənkəran”da tez-tez baş məşqçi dəyişiklikləri də olurdu. Həm də az öncə dediyim kimi, özüm də “Neftçi”nin uşaq məktəbindən çıxmışdım. Bu səbəblərdən “Neftçi”nin təklifini qəbul etdim.
- Klublarında aparıcı futbolçu olsanız da milli komandada elə də çox oynamaq şansı qazanmamısınız. Bunu nəyə bağlayardınız?
- O vaxt media da bu haqda yazırdı, sağ olun, mənə çox dəstək olurdunuz. Həmin dönəm məsələyə futbolçu gözü ilə baxırdım. Bu gün amma özüm də məşqçiyəm, məşqçi gözü ilə baxıram. Torresin dönəmində milliyə dəvət aldım və 15 oyunda forma geyindim. O vaxt rəqabət böyük idi, futbolçu seçimi geniş idi. İndi o cür seçim yoxdur və ona görə bir az seçilən futbiolçu milliyə düşə bilir. Bizim dövrümüzdə isə çox çətin idi. Başqa bir məsələ də var idi. Çempionatda nə qədər yaxşı oynasan da, yerli təcrübə başqadı, beynəlxaq təcrübə başqa. Bu mənada Foqtsun seçimini normal qarşılayırdım.
- Karyeranız ərzində ölkə xaricində ciddi təklif aldığınız an olub?
- “Neftçi”də oynayanda Türkiyədən yaxşı təklif almışdım. Super Liqa klubu idi. İddialı olmasa da, ortabab komandalardan sayılırdı. Türkiyədə yaşayan menecer dostlarım ora getməyim üçün bütün köməyi edəcəkdilər. Təklif olunan məbləğ də “Neftçi”də aldığımdan çox idi. Amma risk etmədim. Dedim gedərəm, birdən alınmaz. Yəni ümumi problemimiz. İndi hardasa fikirləşirəm ki, gərək gedəydim. Ümumiyyətlə, imkan düşürsə, getməlisən. Baxıram son zamanlar bəzi futbolçularımız ölkə xaricinə yollanır. Mahir getdi, bir neçə futbolçumuz Gürcüstanda oynayır. Düz edirlər, mütləq gedib özünü yoxlamalısan.
Anar XANLAROV