Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi
- 18 Noy 2022 19:18
- 672
Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının baş məşqçisi istefaya göndərilib. "Rekord.az" xəbər verir ki, Türkiyə Voleybol Federasiyasının bu gün keçirdiyi toplantıda italiyalı mütəxəssis Covanni Quidettinin millidəki fəaliyyətinə son verilməsi qərara alınıb.
Türkiyə millisinin bir müddət əvvəl başa çatmış dünya çempionatındakı çıxışından sonra Quidetti ilə yolların ayrılması məsələsinin vacibliyi yerli media və jurnalistlər tərəfindən tez-tez gündəmə gətirilirdi. Belə ki, son yarışlarda italyan çalışdırıcının bəzi voleybolçularla anlaşmazlığı olduğu bildirilir, onun qarşılaşmalarda verdiyi bir sıra qərarlar narazılıqla qarşılanırdı. O, hətta mühüm görüşlər öncəsi yığmanın bəzi üzvlərinə güvənmədiyi bildirmiş, rəqiblərin daha güclü olduğu əsas gətirərək uduzacaqlarına dair açıqlamalar verməsi ilə də yadda qalmışdır. TVF rəhbərliyi hər nə qədər Quidettini müdafiə etsə də bu gün çoxlarının gözlədiyi qərar qəbul olunub.
Qeyd edək ki, italiyalı təcrübəli mütəxəssis Covanni Quidetti 2017-ci ilin yanvar ayından Türkiyə millisinin baş məşqçisi postunda çalışıb. Onunla bağlanmış müqavilə 2024-cü il Paris Olimpiadasından sonra bitəcəkdi. Quidetti hazırda həm də Türkiyənin və dünyanın ən güclü klublarından olan "Vakıfbank"ın baş məşqçisidir.