Türkiyə millisinin daha bir üzvü sıradan çıxdı
- 05 Mar 2020 11:20
- 668
Futbol üzrə Türkiyə milli komandası AÇ-2020 ərəfəsində daha bir ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb.
Almaniyanın "Şalke" klubunun formasını geyinən 20 yaşlı oyunçu Bundesliqanın 24-cü turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Bu gün tibbi müayinədən keçən futbolçunun təqribən 9-12 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Türkiyə millisinin heyətində Ozan Kabakdan əvvəl Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxmışdı. Onların qitə birinciliyində oynamaq ehtimalı azdı. Amma Ozan Kabak AÇ-yə qədər sıraya dönə bilər. Bu mövsüm “Şalke”də 21 oyuna çıxan Ozan, 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, AÇ-2020 12 iyun - 12 iyulda olacaq. Turnirin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.