Voleybolçu qadınlar arasında Dünya çempionatında növbəti günə yekun vurulub. "Rekord.az" xəbər verir ki, yarışın 5-ci günündə daha altı qarşılaşma baş tutub.

İlk oyununda gözlənilmədən məğlub olan Türkiyə millisi bu dəfə azarkeşlərini sevindirib. Cənubi Koreya ilə görüşdə heç bir çətinlik çəkməyən türkiyəli voleybolçular mundialda ilk qələbələrini qazanıblar - 3:0 (25:14, 25:13, 25:13).

Günün gərgin qarşılaşması isə İtaliya və Belçika kollektivləri arasında olub. Son mundialın gümüş mükafatçısı və VNL-in İtaliya ilk dəqiqələrdən rəqibin ciddi müqaviməti ilə üzləşib. İlk setdə qalib gələn Belçika voleybolçuları ümumi hesab bərabərləşdikdən sonra 3-cü hissədə də qələbəyə yaxın olub. Lakin 21:24 geri olan italyanlar sensasiyaya imkan verməyiblər. Möhtəşəm geridönüşlə 3-cü seti aktivinə yazan komanda sonuncu hissədə rəqibinə göz açmağa imkan verməyib. 4 setlik matçda 3:1 hesabı ilə qələbə qazanan İtaliya xal itirməyib.

Baş tutan görüşlərdə Çin Kolumbiyanı, Dominikan Respublikası Xorvatiyanı, Keniya Kamerunu, Polşa isə Taylandı quru hesabla məğlub ediblər.