Futbol üzrə Türkiyə Super Liqasında aşağı liqaya düşmə qaydası ləğv olunub.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

2019/20 mövsümündə 18 komandalı çempionatda son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları elitanı tərk etməli idi. Lakin yeni qərarla sözügedən komandalar növbəti mövsümdə də elitada mübarizə aparacaqlar. Üstəlik, 1-ci Liqadan 3 komandanın gəlişi ilə növbəti mövsüm Super Liqada iştirakçı sayı 21-ə çıxacaq.

2020/21 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar 1-ci Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/22 mövsümündən Super Liqa 20 komandanın iştirakı ilə keçiriləcək. 

Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır. 

Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub. Bu isə o deməkdi ki, həmin qaydalar 2020/21 mövsümündə tətbiq olunmayacaq.