Qadın voleybolçular arasında Millətlər Liqası başa çatıb. "Rekord.az" xəbər verir ki, turnirin qalibi Türkiyə milisi olub.

Bu il Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Türkiyə finalda Çin kollektivi ilə üz-üzə gəlib. ABŞ-da təşkil olunan həlledici görüşdə qonşu ölkənin komandası 3:1 (25:22, 22:25, 25:19, 25:16) hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə yarışın çempionu olub.

VNL-in üçüncüsü isə Polşa yığması olub. Bürünc medallar uğrunda matçda meydan sahibi ABŞ-ı 3:2 (25:15, 16:25, 25:19, 18:25, 17:15) hesabı ilə məğlub edən Polşa tarixində ilk dəfə turnirin fəxri kürsüsünə yüksəlib.

Qeyd edək ki, Türkiyə bu qələbədən sonra dünya reytinqində ilk sıraya yüksəlib.