"Kayserispor"un futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisindən gələn təklifdən imtina edib.

Rekord.az xəbər verir ki, bunu 26 yaşlı yarımmüdafiəçi DHA agentliyinə müsahibəsində özü bildirib. Türkiyəli futbolçu ölkəsinin milli komandasında çıxış etmək arzusundə olduğunu və buna görə AFFA-nın  təklifini qəbul etmədiyini deyib:

"Hər oyunçunun milli komandada oynamaq hədəfi var. Əsas millimizdə oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifi geri çevirdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağıma inanıram".

Hasan Hüseyin Acar ötən il verdiyi açıqlamada isə millimizdən gələn təklifə müsbət yanaşdığını bildirmişdi. "Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində çıxış etmək istəyərəm, amma Azərbaycan yığmasında oynamaq da qürur verər" - deyə o qeyd etmişdi.

Qeyd edək ki, hazırda "Kaysersipor"u Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.