Üç Avropa kubokundan 15 medal
- 21 May 2023 23:58
- 392
20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku turniri keçirilib.
Rekord.az xəbər verir ki, iki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb.
İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Yarışın ilk günü Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. -100 kq. çəkidə Aslan Mirzəyev bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.
Azərbaycan medal əyarına görə ümumi hesabda 2-cü yeri, kişilər arasında isə 1-ci yeri tutub.
20-21 mayda İspaniyanın Malaqa şəhərində də gənclər arasında Avropa kuboku keçirilib. Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.
Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda isə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.
Yarışın ilk günündə cüdoçular 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə isə oğlanların yarışında +90 kq. çəkidə Eldar Əliyev bürünc medal qazanıb. -90 kq. çəkidə Tuncay Şamil isə 7-ci yer yerdə qərarlaşıb.