1988-ci il futbol üzrə Avropa çempionatı Almaniyada keçirildi. Avropanın 8 millisi ən güclünün adını müəyyənləşdirmək üçün iyunun 10-dan 25-ə kimi mübarizə apardı. Çempionat oyunları 8 fərqli şəhərin 8 fərqli stadionunda baş tutdu: “Folksparkştadion” (Hamburq), “Niderzaxsenştadion” (Hannover), “Parkştadion” (Helzenkirxen), “Münhersdorfer” (Köln), "Olimpiaştadion" (Münhen), “Valdştadion” (Frankfurt-Mayn), “Nekarştadion” (Ştutqart), “Raynştadion” (Düsseldorf).

Turnirin ümumi reqlamentində heç bir dəyişiklik olmamışdı. Almaniya millisi ev sahibi kimi final mərhələyə birbaşa vəsiqə qazanmışdı. Digər 7 komanda isə seçmə mərhələdə uğurla çıxış edərək Almaniyaya vəsiqə əldə etmişdi. Beləliklə İngiltərə, Danimarka, İrlandiya, İspaniya, İtaliya,  Niderland, SSRİ və Almaniya Avropanın ən güclüsünün adına aydınlıq gətirməli idi. Bu “8-lik”də təbii ki, diqqət çəkən əsas məqam SSRİ-nin yenidən final mərhələyə vəsiqə qazanması və İrlandiyanın sürpriz şəkildə AVRO-88-də olması idi. Komandalar öncədən də məlum olduğu kimi, iki qrupa bölünmüşdü. Hər qrupda ilk iki yeri tutan komanda yarımfinala vəsiqə qazanmalı idi. Almaniya, İtaliya, İspaniya və Danimarka “A” qrupunda, SSRİ, Niderland, İrlandiya və İngiltərə isə “B” qrupunda mübarizə aparacaqdı.  

SSRİ-nin həmin dönəm üçün əla heyəti var idi. Qapını əfsanəvi Rinat Dasayev qoruyurdu. Müdafiədə Xidiyatullin, Baltaça, Sulakvelidze, Demyanenko oynayırdılar. Yarımmüdafiədə Aleynikov, Zavarov, Rats, Litovçenko, hücumda isə Belanovla Protasov kimi futbolçular var idi. Niderlandın həmin dönəm üçün heyəti də möhtəşəm idi. Kuman, Raykaard, Qullit, van Basten və ən əası baş məşqçisi Rinus Mixels. Təsadüfi deyildi ki, mütəxəssislər məhz bu iki komandanın finalda üz-üzə gələcəyini proqnozlaşdırırdı. Amma iş elə gətirdi ki, finalda öncə ilk olaraq qupda üz-üzə gəldilər. İyunun 12-də Kölndə 60 min tamaşaçının gözü qarşısında Vasili Ratsın vurduğu qolla sovet komandası hollandlar üzərində vacib qələbə qazandı. Bu oyunda bir neçə gözəl seyvlə yadda qalan Dasayev də diqqətləri üzərinə çəkməyi bacardı.

Növbəti görüşdə Lobanovskinin komandası İrlandiya millisi ilə gözlənilmədən heç-heçə etsə də, son turad İngiltərəni 3:1 hesabı ilə məğlub edərək, qrupdan lider kimi çıxmağı bacardı. Niderland millisi isə ilk turda SSRİ-yə məğlub olsalar da, sonrakı iki oyunda irlandlar və ingilislər üzərində qələbə qazanıb yarımfinala vəsiqə qazandılar. Təbii ki, futbolun yaradıcısı olan ingilislərin qrupdakı bütün görüşləri məğlub başa vurması da diqqətçəkən məqamlardan oldu.  

.

 

“A” qrupunda isə ilk iki yeri meydança sahibləri Almaniya ilə İtaliya tutdu. Bu iki komanda ilk turda Düsseldorfda üz-üzə gəldi və oyun heç-heçə bitdi-1:1. Sonrakı iki turda isə hər iki komanda qələbə qazanaraq yekunda 5 xal topladı və yarımfinala vəsiqə qazandı. Sadəcə, daha yaxşı top fərqinə malik almanlar yarımfinala qrup lideri kimi adladı. Yarımfinalda Almaniya ilə Niderlandın oyunu dramatikliyi ilə yadda qaldı. Püşk mıəhz bu iki millini finala çıxış matçında rəqib etdi. Hamburqda 61 mindən çox azarkeşin izlədiyi matçın ilk hissəsində qapılara qol vurulmadı. Fasilədən sonra isə almanlar hesabı açdı. 55-ci dəqiqədə Matteus penaltidən fərqləndi. Lakin 74-cü dəqiqədə hakim bu dəfə ev  sahiblərinin qapısına penalti təyin etdi və Kuman tarazlığı bərpa etdi. Bundan sonra meydançada amansız mübarizə getdi və əksəriyyət matçın əlavə vaxta gedəcəyini düşündüyü anda səhnəyə Marko van Basten çıxdı və onun qolu Niderlandı finala çıxardı. 

Digər yarımfinalda isə SSRİ yığması italyanlara heç bir şans vermədi. İlk hissədə italiyalar müdafiədə diqqətli oynayaraq qapılarını toxunulmaz saxlamağı bacarsa da, fasilədən sonra iki dəqiqə aralığında Litovçenka və Protasovla iki qol vuran SSRİ futbolçuları 16 illik fasilədən sonra yenidən finala vəsiqə qazandı.  

Turnirin həlledici oyunu iyunun 25-də Münhendəki Olimpiya stadionunda baş tutdu və oyunu 72 min azarkeş canlı izləyirdi. Təbii ki, bu iki komandanın qrupda da rəqib olması və SSRİ-nin qələbə qazanması oyunu daha da prinsipial edirdi. Lobanovskinin qrupdakı oyundan fərqli olaraq, final matçında start heyətindəki dəyişiklik diqqət çəkdi. Belə ki, o, müdafiəçilər Baltaça və Sulakvelidzenin əvəzinə mərkəz oyunçuları Aleynikovla Ratsı meydançaya buraxmışdı. Oynda hesab  34-cü dəqiqədə açıldı. Sovet yığmasının müdafiəçiləri süni offsaydı yaradarkən səhvə yol verdilər və bundan yararlanan Qullit isə van Bastenin ötürməsini qola çevirərək hesabı açdı. Fasilədən sonra SSRİ yığmasının oyunçuları uğursuz oyunun gedişini dəyişməyə çalışsalar da, əfsanəvi van Basten ağlasığmaz iti bucaqdan vurduğu zərbə ilə hesab arasındakı fərqi artırdı.Düzdür, SSRİ futbolçuları oyunda dönüş yarada bildilər. Bunun nəticəsində 68-ci dəqiqədə penalti vurmaq hüququ da qazandılar. Lakin Niderlandın qapıçısı van Bröklen İqor Belanovun zərbəsini dəf etməyi bacardı. 2:0 hesabı matçın sonuna qədər dəyişməyində Niderland Avropa çempionu adını bayram etdi.

A qrupu

Almaniya – İtaliya 1:1

Qollar: Breme, 56 – Mançini, 52

10 iyun, Düsseldorf, 62 552 tamaşaçı

Baş hakim: Keyt Hekket (İngiltərə)

 

Danimarka – İspaniya 2:3

Qollar: M. Laudrup, 24; Poulsen, 82 – Miçel, 5; Butragenyo, 53; Qordilyo, 66

11 iyun, Hannover, 60 366 tamaşaçı

Baş hakim: Bep Tomas (Niderland)

 

Almaniya – Danimarka 2:0

Qollar: Klinsmann, 10; Ton, 88

14 iyun, Gelzenkirxen, 64 812 tamaşaçı

Baş hakim: Bob Valentayn (Şotlandiya)

 

İtaliya – İspaniya 1:0

Qol: Vialli, 73

14 iyun, Frankfurt, 51 790 tamaşaçı

Baş hakim: Erik Frediksson (İsveç)

 

Almaniya – İspaniya 2:0

Qollar: Föller, 30, 51

17 iyun, Münhen, 72 308 tamaşaçı

Baş hakim: Mişel Votro (Fransa)

 

İtaliya – Danimarka 2:0

Qollar: Altobelli, 66; De Aqostini, 87

17 iyun, Köln, 53 951 tamaşaçı

Baş hakim: Bruno Qaller (İsveçrə)

 

B qrupu

İngiltərə - İrlandiya 0:1

Qol: Hauton, 6

12 iyun, Ştutqart, 51 573 tamaşaçı

Baş hakim: Ziqfrid Kirşen (Almaniya)

 

Niderland – SSRİ 0:1

Qol: Rats, 52

12 iyun, Köln, 60 000 tamaşaçı

Baş hakim: Diter Pauli (Almaniya)

 

İngiltərə - Niderland 1:3

Qollar: Robson, 53 – van Basten, 44, 72, 76

15 iyun, Düsseldorf, 63 940 tamaşaçı

Baş hakim: Paolo Kazarin (İtaliya)

 

İrlandiya – SSRİ 1:1

Qollar: Uilan, 39 – Pırotasov, 75

15 iyun, Hannover, 38 308 tamaşaçı

Baş hakim: Emilio Soriano Aladren (İspaniya)

 

İngiltərə - SSRİ 1:3

Qollar: Adams, 15 – Aleynikov, 3; Mixayliçenko, 26; Pasulko, 73

18 iyun, Frankfurt, 53 000 tamaşaçı

Baş hakim: Joze Roşa duş Santuş (Portuqaliya)

 

İrlandiya – Niderland 0:1

Qol: Kift, 82

18 iyun, Gelzenkirxen, 70 800 tamaşaçı

Baş hakim: Horst Brunmayer (Avstriya)

 

Yarımfinal

Almaniya – Niderland 1:2

Qollar: Matteus, 55 (pen) – Kuman, 74 (pen); van Basten, 89

21 iyun, Hamburq, 61 330 tamaşaçı

Baş hakim: İoan iqna (SSRİ)

 

SSRİ – İtaliya 2:0

Qollar: Litovçenko, 61; Protasov, 63

22 iyun, Ştutqart, 61 606 tamaşaçı

Baş hakim: Aleksis Ponne (Belçika)

 

 

FİNAL

SSRİ – Niderland 0:2

Qollar: Qullit, 34; van Basten, 54

25 iyun, Münhen, 72 308 tamaşaçı

Baş hakim: Mişel Votro (Fransa)

 

Hazırladı: Anar XANLAROV