UEFA 2020/2021 mövsümündə avrokubokların mükafat fondunu və gəlirlərin klublar arasında bölüşdürülmə mexanizmini açıqlayıb.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu ümumilikdə 1,95 milyard avro təşkil edəcək.

Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan hər bir klub 15,25 milyon avro qazanacaq. Qrup mərhələsinin oyunlarında qələbəyə 2,7, heç-heçəyə isə 0,9 milyon avro veriləcək. 1/8 final mərhələsinə yüksələn klublara 9,5, 1/4 finalçılara 10,5, yarımfinalçılara isə 12 milyon avro ödəniş ediləcək. Finala vəsiqənin mükafatı 15 milyon avrodur. Turnirin qalibi isə əlavə 4 milyon avronun sahibi olacaq.

Avropa Liqasında qrup mərhələsində iştirak edən klublara 2,92 milyon avro ödəniş ediləcək. Qrup mərhələsinin oyunlarında qələbəyə 570 min avro, heç-heçəyə isə 190 min avro veriləcək. Qrup mərhələsini 1-ci bitirən klublara 1 milyon avro veriləcək, 2-cilər isə 500 min avro qazanacaq. Ümumilikdə, 1/16 finala yüksələn komandalara 500 min, 1/8 finalçılara 1,1 milyon, 1/4 finalçılara 1,5, yarımfinalçılara 2,4 milyon avro ödəniş ediləcək. Finala vəsiqənin mükafatı 4,5 milyon avrodur. Turnirin qalibi isə əlavə 4 milyon avronun sahibi olacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor” (Türkiyə” ilə mübarizə aparacaq.