UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...
- 18 Okt 2019 13:41
- 805
UEFA bir neçə klubu avrokubok oyunlarındakı xoşagəlməz olaylarla əlaqədar cəzalandırıb.
Rekord.az xəbər verir ki, Hollandiyanın “Ayaks” klubu İspaniya təmsilçisi “Valensiya”ya qarşı Çempionlar Liqasının səfər oyunu zamanı azarkeşlərinin xoşagəlməz davranışları səbəbindən 50 min avro cərimə olunub. Oktyabrın 2-də keçirilmiş həmin oyunda holland tərəfdarlar arenaya ciddi ziyan vurublar. Bu üzdən “Ayaks” həm də “Valensiya”nın təqdim edəcəyi ziyanın məbləğini ödəməli olacaq. Hollandiya təmsilçisi bundan sonrakı iki səfər oyununa bilet satışı həyata keçirməkdən məhrum edilib. Qitə futbol qurumu “Ayaks”a 1 il sınaq müddəti də tətbiq edib. Həmin oyunda hollandların 6 oyunçusu sarı vərəqə aldığına görə, klub daha 18 min avro cərimə ödəməli olacaq.
Portuqaliyanın “Vitoriya” klubu da 50 min avro cərimələnib. Bu komanda isə Avropa Liqasında Almaniya təmsilçisi “Ayntraxt”a qarşı ev oyununda azarkeşlərinin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadəsinə görə ziyana düşüb. Almaniyalı tərəfdarlar da stadionda dağıntılar törədiblər. Bu üzdən Frankfurt klubu Gimaraynş təmsilçisi tərəfindən müəyyənləşdiriləcək ziyanın məbləğini meydan sahiblərinin hesabına köçürməlidi. “Ayntraxt” bir oyunluq səfər matçına bilet satmaqdan da məhrum edilib.
Almaniyanın “Borussiya” klubu da Çexiya “Slaviya”sı ilə səfər oyununda azarkeşlərinin davranışına görə 30 min avro cərimələnib. Həmin ÇL matçında almanlar pirotexniki vasitələrdən istifadə ediblər, meydana yad əşyalar atıblar, arenaya ziyan vurublar. Bunun üçün də Dortmund təmsilçisi Çexiya klubuna kompensasiya ödəməlidi.