UEFA Çempionlar Liqasının qalan matçları ilə bağlı qərar verib.

Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, ÇL-in görüşləri Lissabonda "səkkizlər finalı" formatında oynanılacaq. 1/4 finalın matçları 12-15 avqust, yarımfinal 18-19 avqustt, finalın isə 23 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

"Səkkizlər finalı"nın püşakatması iyulun ortası Nyonda olacaq.

1/8 finalın "Yuventus" – "Lion" və "Barselona" - "Napoli" görüşləri müvafiq olaraq 7, 8 avqustda Turində və Barselonada keçiriləcək.  "Mançester Siti" – "Real" və "Bavariya" – "Çelsi" görüşlərinin məkanı isə hələ müəyyənləşməyib.

Yeni qərarla  İstanbulun builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcəyi vurğulanıb. Sankt-Peterburqda isə 2021/2022 mövsümündəki final oynanılacaq.

Bundan başqa, UEFA Superkuboku isə sentyabrın 24-ü Budapeştdə olacaq.

Bu qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-i keçiriləcək iclasında təsdiqlənəcəyi bildirilib.

Xatırladaq ki, ÇL-də 1/4 finala "Atalanta", "Atletiko, PSJ və "Leyptsiq" vəsiqəni təmin edib.