UEFA-dan İngiltərə Futbol Assosiasiyasına cəza
- 19 Okt 2021 11:20
- 440
UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb. Rekord.az xəbər verir ki, buna AÇ-2020-nin İtaliya və İngiltərə yığmaları arasında keçirilmiş final oyunundakı hadisələr səbəb olub.
Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Qurumun Nəzarət, Etika və İntizam Komitəsinin qərarına əsasən, İngiltərə millisi qarşıdakı 2 ev oyununu boş tribunalar önündə keçirəcək. 2 oyunluq cəzanın biri şərti xarakter daşıyır və 2 il sınaq müddəti verilib.
Bundan başqa, assosiasiya stadionda və onun ətrafında nizam-intizamın təmin olunmaması, meydançaya tamaşaçıların müdaxiləsi, yad əşyaların atılması və dövlət himnlərinin səsləndirilməsi zamanı hörmətsizlik edilməsinə görə 100 000 avro cərimələnib.
Xatırladaq ki, Londondakı “Uembli” stadionunda baş tutan
final qarşılaşmasının start fitindən öncə 100-dək fanat stadiona biletsiz daxil olmağa çalışıb. Bundan əlavə, tərəfdarlar görüş zamanı stadiona qaçıb və pirotexniki vasitələrdən istifadə edib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən matçda İngiltərəyə penaltilər seriyasında qalib gələn (3:2) İtaliya yığması Avropa çempionu olub. Həlledici qarşılaşmanı 67.173 azarkeş izləyib.