Futzal üzrə “Baku Fire” kollektivinin kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edib.  

Rekord.az xəbər verir ki, Finlandiyada təşkil olunan seminarda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçib.

Saytımıza açıqlama verən Quliyev səfər təəssüratlarını bizimlə bölüşüb: "Bəli, bu yaxınlarda Finlandiyanın paytaxtı Helsinkidən qayıtmışam. "Baku Fire"nin oynayan-məşqçisi kimi ora yollanmışdım. Böyük futbolda C və B kateqoriyalı lisenziyam olsa da, futzal üzrə də belə bir kursda iştirak etmək istəyirdim. Bu, UEFA-nın futzal üzrə keçirdiyi ən üstün kursdu. İlk dəfə idi Azərbaycandan kimsə bu kursa qatılırdı. B kursu 3 mərhələdən ibarətdir. 1-ci mərhələ avqustda, 2-ci mərhələ noyabrda nəzərdə tutulmuşdu. 3-cü mərhələ isə imtahan mərhələsidir və 2025-ci ilin fevralında nəzərdə tutulub. Kurs ingilis dilindədir və buna qədər bir sıra mərhələlərdən keçmək lazımdır. İnstrukturlar kursu tədris edir bizə dəstək təlimi keçir və Finlandiya millisinin baş məşqçisi təlimatçı kimi kursa qatılır. Praktiki məşğələni isə U-19 məşqlərində biz özümüz, kursa qatılan məşqçilər keçir. Məndən başqa İsveçrə, Şotlandiya və ABŞ-dan  məşqçilər də kursa qatılmışdı".