UEFA-nın tələblərinə cavab verən "ASCO Arena" VİDEOREPORTAJ
- 28 Okt 2019 14:34
- 1143
Azərbaycanda stadion infrastrukturunun inkişafı baxımından 2011-2012-ci illər xüsusən effektiv hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı 17 yaşadək qızlar arasında dünya çempionatı ərəfəsində 4 yeni stadion - "Dalğa Arena", "Bakcell Arena", "ASCO Arena" ("Bayıl Arena") və Binə stadionu istifadəyə verilib. UEFA-nın maliyyə dəstəyi ilə inşa olunan Milli Komandaların Məşq Mərkəzi 2015-ci ilin sentyabrında tam hazır olub. Ölkənin ən böyük arenası sayılan Bakı Olimpiya Stadionunun tikintisi isə 2015-ci ildə başa çatıb.
Bakının Bayıl qəsəbəsində yerləşən "ASCO Arena" 2012-ci ilin avqustunda təhvil verilib. Burada yerləşən baza isə 2018-ci ildə hazır vəziyyətə gətirilib və “Səbail” klubunun ixtiyarına verilib. Amma idman qurğusundan təkcə “Səbail” yox, bəzi milli komandalar da yararlanır. Qadınlardan ibarət müxtəlif yaş qruplarından ibarət yığmalar təlim-məşq toplanışı üçün buranı seçir.
"ASCO Arena"nın meneceri Rza Həsənov "Report"a açıqlamasında ötən müddət ərzində görülən işləri yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, meydanın süni örtüklü olması heç bir problem yaratmır: "Əksinə, süni örtüklü meydanda çoxlu məşq keçirmək olur. Təbii ot örtüyündə gün ərzində bir və ya iki dəfə məşq mümkündürsə, sünidə 6 məşq baş tutur. Süni örtük baza üçün yaxşıdır, çünki bütün yaş qrupları buradan yararlanır və məşq edə bilir. Demək olar ki, stadion dayanmadan istifadədədir".
“Səbail” bu arenada Avropa Liqasının I təsnifat mərhələsinin oyununu da keçirib. R.Həsənov Rumıniya "Universitatya"sı ilə görüşdə süni örtüklə bağlı heç bir narazılığın olmadığını vurğulayıb: "Yaxşı oyun keçdi. Bu, yüksək keyfiyyətli süni örtükdür, ilk gündən FIFA-nın iki ulduz sertifikatını alıb. Ot örtüyü yeniləndikdən sonra da iki ulduz sertifikatı verilib. Ot örtüyünün dəyişdiriləcəyi ilə bağlı isə məlumatım yoxdur. Bizim ərazimiz yetəri qədər böyük deyil. Ona görə də hansısa köməkçi meydança tikmək çox çətindir. Demək olar ki, mümkün deyil".
Son 6 il ərzində “ASCO Arena”da 1030 oyun keçirilib ki, bunlardan 70-i beynəlxalq səviyyədə olub. R.Həsənov arenanın AFFA-nın maliyyə dəstəyi sayəsində təkmilləşdirildiyini bildirib: “Bu arena 1952-ci ildə tikilib. 2012-ci ildə isə AFFA tərəfindən konstruksiya olunub. Arenamız 3200 azarkeş tutumuna malikdir. 3 skayboks, bir VİP lunch mövcuddur. Stadionda futbolçular üçün 4 paltardəyişmə otağı və hakimlər üçün 2 otaq var. “ASCO Arena”nın özəlliklərindən biri də odur ki, burada bir gün ərzində iki oyun keçirmək mümkündür. Stadion kiçik olsa da, UEFA-nın bütün tələblərinə cavab verir. Konfrans otağımız 60-70 nəfər qəbul etmək ixtiyarındadır. Bu otaqdan təlimlər üçün də istifadə olunur. Komandalar burada oyunları analiz edirlər. Bazamızda yaxşı vəziyyətdə və müasir avadanlıqlarla təmin olunmuş fitnes zalı da var".
"ASCO Arena"da hətta gün ərzində 4 oyun da keçirilib. Bu, 4 il əvvəl baş tutub. Meydanın uzunluğu 105 metr, eni isə 65 metrdir ki, bu da UEFA standartlarına tam uyğundur: "Stadion kənardan balaca görünür. Bu, tribunadan yan xəttə kimi məsafənin azlığı ilə əlaqədardır. İşıqlandırma sistemi də iki il bundan öncə yenilənib. Arenamız üçün İtaliyadan xüsusi lampalar gətirilib. Hər projektor meydanın müxtəlif sahələri üçün nəzərdə tutulub. Arenamızda həmçinin əlillər üçün xüsusi yerlər müvcuddur. Burada onları müşayiət edən şəxslər üçün də yer var".
Qeyd edək ki, ötən il AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və Milli Komandaların Məşq Mərkəzinin saxlanılmasına 1 milyon 856 min 207 manat vəsait ayrılıb. Məbləğin 416 min 83 manatı "ASCO Arena" və oradakı akademiyaya sərf olunub. Bundan başqa AFFA ölkənin müxtəlif bölgələrində 100-dən çox süni örtüklü meydança quraşdırılıb və yenilərinin də salınma prosesi daimi davam etdirilir.