AÇ-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlərin pullarını geri ala bilməsi üçün xüsusi portal yaradılıb.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdı. Daha əvvəl alınan biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı vurğulanıb. Amma hər şeyə dəqiq təqvimin aydınlıq gəlməsindən sonra qərar veriləcək. İstənilən halda AÇ-2020-nin oyunlarına bilet almaq fikrindən daşınan şəxslər isə artıq indidən öz pullarını geri ala biləcəklər.

Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı 2021-ci ilin 11 iyun-11 iyuluna təxirə salınıb. AÇ-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidi. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.