UEFA “Qəbələ”ni 15 min ziyana salıb
- 19 Fev 2021 15:00
- 725
Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasını əsas gətirən UEFA U-19-lar arasında keçirilən UEFA Gənclər Liqasını ləğv edib.
Rekord.az xəbər verir ki, sözügedən qurumun qərarı ölkəmizi bu turnirdə təşkil etməli olan “Qəbələ”ni maddi baxımdan ziyana salıb.
Belə ki, Şimali Makedoniyanın "Şkupi" komandası ilə səfər oyununa hazırlaşan “Qəbələ”, bilet sifarişi də vermişdi. Hətta bunun üçün depozit də qoyulmuşdu. UEFA-nın qərarından sonra həmin məbləğ də batmış hesab olunur. Əldə etdiyimiz məlumata görə, “Qəbələ” klubu təxminən 15 min manata kimi ziyana düşüb. İndi bu itkinin bərpası üçün UEFA-ya müraciət olunub.
Qeyd edək ki, UEFA sözügedən turnirdə iştirak edən komandaların xərclərini qarşılamaq üçün onların hər birinə 25 min avro maliyyə dəstəyi verir. Lakin bu məbləğ oyunlardan 1 ay sonra klublara ödənilir. İndiki halda isə həmin məbləğin ödənilib-ödənilməyəcəyi də sual altındadır. Hər halda, “Qəbələ” artıq müraciət edib.