“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Sloveniyada yerli “Olimpiya” üzərində 2:0 hesablı qələbə qazanmaqla ölkə reytinqinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,375 əmsala bərabərdir.

Reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.