UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı
- 23 İyn 2024 16:30
- 209
UEFA AÇ-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.
Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.
Məsələ ondadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kristiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.
39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.
Bundan əlavə, matçın sonunda təhlükəsizlik kordonunu yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.
Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də təhlükəsizliklə bağlı narahatlığını bildirib: “Bu, narahatedici məqamdır. Çünki bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükəyə atılmış olacaq".