Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında mövsümün ləğv ediləcəyi ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Rekord.az xəbər verir ki, qurumun rəhbəri, belə məsələnin gündəmdə olduğunu bildirib:

“Sabah UEFA-nın iclası baş tutacaq. Orada ölkələrə çempionatları yekunlaşdırmaq üçün verilən vaxt artırılsa, biz Premyer Liqanı sona qədər keçirə bilərik. Əks-təqdirdə isə çempionat dayandırılmalıdır. Hal-hazırda ölkədə vəziyyət hamıya bəllidir. Günü-gündən koronavirusa yoluxanların sayı artır. Çempionatı keçirən qurumun rəhbəri kimi ən çox söz-söhbət mənim üzərimdə olacaq. Mart ayında biz çempionatı dayandırarkən hamı başladı ki, bu qərar düzgün deyil.

Lakin sonradan gördülər ki, bütün dünya ölkələri eyni addımı atır. Bizi qınayanlar özlərini bizim yerimizə qoysaydılar, hansı qərarı verərdilər? Biz qalmışıq iki yolun arasında. UEFA-nın sabahkı iclasında “avqust ayının 3-də çempionatlar bitirilməlidir” qərarı dəyişdirilsə, biz davam edə bilərik. Yox, uzadılmasa, o zaman liqa dayandırılmalıdır. Bilirsiz ki, həftəsonları da sərt karantin tətbiq olunur. Üstəlik, komandalara bir avtobus yetməyəcək. Oyunlara iki avtobusla getməlidirlər. 2 günü karantinə çıxsaq, 5 gün qalır. 5 günə bizim komandalar bu isti havada 2 oyun keçirə bilərlər? Hamı bilir ki, mümkün deyil. İndi mən nə edə bilərəm? Karantin olmasaydı, hər şey hazır idi. Hər gün Operativ Qərargahla söhbət edirik. Bizə deyilməyib ki, iyul ayında karantin olacaq, ya yox. Üzümüzə gələn həftə də sərt karantin rejiminin olması gözlənilir. Klublara 21 günlük məşq vaxtı vermişdik. Sərt karantinə görə onun 4 gününü məşq edə bilmədilər. Bu qədər qısa müddətdə məşq edib meydana çıxan futbolçu zədələnə bilər. Sabah hansısa komanda desə ki, futbolçum yoxdur ki, meydana çıxarım, o zaman biabırçılıq olacaq. Avqustun 3-nə qədər sürünə-sürünə çempionat keçirib kimisə sevindirək, kiminsə gözündə ucalaq deyəcəyiksə, o zaman biz pis vəziyyətdə qalacağıq”.

PFL rəhbəri çempionatın sıx qrafikdə, çətinliklə keçirilməyindənsə, avrokuboklara gedən klublara hazırlıq üçün kifayət qədər vaxt verilməsinin daha yaxşı olacağını açıqlayıb:

“Bu klubların hazırlıq üçün yetəri qədər zamanı olar, normal transfer edərlər. Digər klublar da növbəti mövsümə lazımi qaydada hazırlaşar. Uğur qazanarlar və reytinqimiz də qalxar. Yoxsa milli komandanın futbolçularını da itirə bilərik. Xəbəriniz var ki, başqa ölkələrdə, güclü klublarda da futbolçular zədələnirlər. Kim zəmanət verəcək ki, bu futbolçu zədə almayacaq? Bütün bunlardan sığortalanmaq üçün yarış keçirməzlər, futbol oynamazlar. Sabah desələr ki, avqustun 15-17-nə qədər vaxt uzadılır, o zaman rahat çempionat keçirə bilərik. Sabah 3 tur keçirsək və dayandırsaq, o zaman necə olacaq? Hansı komanda avrokuboklara gedəcək? Neçə illərdir ki, çətinlik çəkmədən liqa keçiririksə, 8 tur keçirmək nədir ki? Lakin buna cavabdeh olmaq asan deyil. Biz ya 8 turun hamısını oynamalıyıq, ya da keçirməməliyik. Buna da heç kim zəmanət vermir. Sabah hansısa komandanın futbolçusunda koronavirus olsa, o zaman komandanın bütün heyəti, onun yoxlama görüşü keçirdiyi, turda oynadığı bütün komandalar yoxlanışdan keçməlidir. Bu zaman günahkar biz olacağıq. O zaman deyəcəklər ki, lazımdır bu hayda çempionat keçirmək? O boyda Fransa Liqa-1-i dayandırıldı. Çempionatı dayandıranda müsbət addım atmışıq. Vaxtımız az olsa, dayandırmalıyıq. Normal halda bizim futbolçuların fiziki durumu bizə bəllidir. İnanmıram ki, bu durumda futbolçularımız Avropada mərhələ adlasın. O zaman da Azərbaycan adına uğursuzluq olacaq. Bütün klublarımız, “Qarabağ” da, “Neftçi” də bizimdir. Biz Avropada biabır olmamalıyıq, ölkədə bunun o qədər də önəmi yoxdur. UEFA vaxtı uzatmasa, məcburam ki, AFFA İcraiyyə Komitəsinə çempionatın ləğvi ilə bağlı müraciət edim”. (Qafqazinfo.az)