photo

Uelslə oyundan sonra futbolçular arasında əslində nə baş verib? - ÖZƏL

  • 2019-11-21 12:21
  • 774

AÇ-2020-nin seçmə qrup mərhələsində 8 oyundan cəmi 1 xal yığmaqla 24 il əvvəlki antirekordu təkrarlayan Azərbaycan millisinin ətrafında söz-söhbətlər bitmir. Həmkarlarımız son Slovakiya matçının fasiləsində baş verənlər barədə məlumatı yayıblar. Ancaq biz sizə həmin mübahisələrin kökü haqda xəbər verəcəyik. Hər şey isə Bakıdakı Uels matçından sonra, paltardəyişmə otağında baş verib.

 

Belə ki, 0:2 hesablı məğlubiyyətlə bitən və bəzi futbolçuların öz performanslarından aşağı oynadığı matçdan sonra əsəblərin gərgin olması mübahisəyə rəvac verib. 

 

"Rekord.az"-a hadisənin canlı şahidlərindən birinin verdiyi məlumata görə, milli üzvləri həm oyundan əvvəl, həm də oyunun özününü gedişində baş verənləri yüksək səslə müzakirə etməyə başlayıblar. Təbii ki, qarşılıqlı ittihamlar da olub: filankəs filan ötürməni vermədi, filankəs qaçmadı, filankəs və s... Gərginliyin zirvəsi isə Riçard Almeyda ilə bağlı olub. Braziliya əsilli yarımmüdafiəçi açıq şəkildə bəzi komanda yoladşlarının millidə can yandırmadığını özünəməxsus şəkildə ifadə edib: "Mən Braziliyalıyam, ancaq Azərbaycanı sevirəm. Bu millidə oynamaq üçün bir qəpik də pul istəməmişəm, almamışam. Həmişə bu ölkəyə hörmətlə yanaşmışam, meydanda var gücümü qoymuşam. Amma bəziləri AFFA-nın, həmçinin digər fərqli şəxslərin köməyinə arxalanıb haqsız şəkildə heyətə düşüb, çox zəif oynayıb, komandaya ziyan vurub. Hətta saymazyanalıq edib gəlməyənləri də var. Belə olmaz! Biz, bu yolla qələbə qazana bilmərik!"

 

Aydındı ki, sözlər ilk növbədə Eddi İsrafilova yönəlib. Onun şərəfini qoruduğu "Albasete"nin İspaniya çempionatındakı oyununa görə milli komandanın Uelslə matçının qurban verməsi heç kimin xoşuna gəlməyib. AFFA-nın elan etdiyi "texniki səhv" və s. söhbətlərinin fikir yayındırmaqdan, İsrafilova təsir rıçaqları olmadığına görə heç olmasa yaranan pis durumun üstünü örtmək cəhdlərindən başqa bir şey olmadığını hər kəs, həmçinin də futbolçuları çox yaxşı bilirlər, biliblər. Ona görə də narazılıq oyundan öncə başlayıb. Məğlubiyyət isə "odun üstünə yağ" töküb. Və necə deyərlər, ox yaydan çıxıb. Mübahisə zəminində Ramil Şeydayev Almeydanın tərəfini tutub və belə şeylərin yolverilməz olduğunu bildirib.

 

Deyilən sözlərin bir hissəsinin Pavel Paşayev və Dmitri Nazarova da çatdığı aydın idi. Bu səbəbdən də onlar Almeydanın sözlərinə etiraz ediblər, xüsusilə də Nazarov fəallıq edib. İşin əl-qol atmağa qədər gedib çıxmasına araya girən digər futbolçular imkan verməyiblər. Hadisələrin gedişatını kənardan izləyən və həmin an heç bir reaksiya verməyən Nikola Yurçeviç isə Slovakiya ilə matçda qərarını start heyətində göstərib. Belə ki, nə Almeyda, nə Paşayev, nə də Nazarov nə startda, nə də sonradan meydana çıxmayıblar. Bunu oyunçuların fiziki hazırlıq durumlarının yetərli olmadığı ilə bağlasalar da, işin məğzi məhz dediyimiz məsələ olub.

Son xəbərlər