Uğur qazanmağa məcbur Santuş
- 2024-06-12 22:07
- 6835
22 noyabr 2023-cü il. AFFA İcraiyyə Komitəsinin De Byazinin göndərildiyi iclasından dərhal sonrakı brifinqində baş katib Sərxan Hacıyevə bu sual verilmiş, bu cavab da alınmışdı:
- Yeni baş məşqçi seçərkən hansı kriteriyalar əsas götürüləcək?
- Əsas kriteriyalardan biri mentaliteti tanıyan birinin olmasıdır. Yerli futbolçuları tanısın, yerli mədəniyyətə uyğun biri olsun.
12 iyun 2024-cü il. Millinin baş məşqçisi postuna Fernandu Santuş təyin olunub. Yuxarıda qeyd olunan meyarların heç birinə uyğun gəlmir.
*
2 aprel 2024-cü il. AFFA prezidenti seçkilərində qalib gəlmiş Rövşən Nəcəf ilk mətbuat konfransında yığmanın baş məşqçi namizədləri ilə bağlı suala belə cavab vermişdi: “Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Yeni baş məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq".
Nədi bizim millinin oyun tərzi, ümumiyyətlə varmı, yoxdusa necə olmalıdı və ən əsası bunu edəcək şəxs Fernandu Santuşdumu? Nə dəyər qatacaq bizə bu mütəxəssis? Suallar çoxdu, cavabları da elə özləri kimi ritorikdi. Bilinən bir şey dəqiqdi ki, AFFA ilk ciddi sınaqdan, imtahandan qeyri-kafi qiymətini aldı. Bura qədər yaxşı gəlmişdilər, burda ilk səhvlərinə yol verdilər.
*
Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinə təyinatı geniş rezonans doğurub ki, bu da normaldı. Normal olmayan təyinata bu cür düzgün münasibət ölkədə sağlam düşüncənin hələ itmədiyinin göstəricisidi. Hamı eyni şeyi deyir: bərbad təyinatdı!
Həqiqətən elədimi? Həqiqətən də Fernando Magellan və Kriştiano Ronaldonun həmvətəni olan bu mütəxəssisin gətirilməsi yanlış, pis, səhv təyinatdı? Çalışaq soyuq başla, maksimum peşəkarlıqla, detallara diqqətlə yanaşaraq nəticə çıxarmağa cəhd edək.
Kimdi Santuş?
Fernado Santuş. 70 yaşlı, zəngin karyeraya malik, Ronaldolu Portuqaliyaya Avropa çempionluğu, digər titul və medallar qazandırmış, müxtəlif klublarda müxtəlif nailiyyətləri olan, tanınmış portuqaliyalı məşqçi. Ad olaraq söz yoxdu, hər bir normal futbol azarkeşi onun karyerası barədə azı 5-10 cümlə danışa, fikirlərini bildirə bilər. Yəni adam futbolun bütün üzünü görüb, Cəbəlüttariqdən tutmuş Braziliyaya qədər hamı qarşı oynayıb, işi az qala yarım işarədən başa düşür. Biliyinə, savadına şübhə yoxdu, şübhə edənin də özünə şübhə eləmək lazımdı. Amma bütün bu yuxarıda sadalananlar onun Azərbaycanda uğur qazanacağına təminat verirmi? Hər şey dünən qazanılan uğurlarla həll olunsaydı, bir dəfə qələbəyə nail olub ömür boyu onun çörəyini yemək olardı. Santuş da belə edəcəyini düşünürsə, yanılır. Nümunə kimi, son iki ildə Polşa və “Beşiktaş”da düşdüyü durumdan bir nəticə çıxarmalı, ona dərs olmalıdı. Həm də biz Avropa çempion olmuş Berti Foqtsu da, Albaniyanı tarixində ilk dəfə AÇ-yə çıxarmış Canni De Byazini də, onların bir işə yaramadıqlarını da görmüşük. Yəni həmin variantlar bizdə keçmir.
Kim gətirib?
Maraqlıdı, Santuşun təyinatı necə gerçəkləşib, onu kim və nə vaxt təklif edib, məsələ necə həll olunub? And içərəm, amma sübut edə bilərəm ki, bu təyinat sırf yeni AFFA rəhbərliyinin qərarı deyil. Onlar gələn zəngə, "yuxarı"dan siqnala "yox" deyə bilməyiblər. Təbii bu da onların günahıdı. Çünki əvvəla, təzyiq altında işləyə bilmirlər. İkincisi də ki, vaxtında öz namizədləri barədə qərar versəydilər (ki, razılığa gəldikləri yaxşı, perspektivli, uğura ac məşqçilər də vardı), indi “calaq” varianta razılıq verməyə məcbur olmazdılar. Müasir dövr ani qərarlar, çevik idarəetmə tələb edir. Kim tez tərpəndi, o da udur.
Bəs o “zəng”in müəllifi kimdi? Santuş “day-daylı”, “sifarişli” transferdi, AFFA-ya yenicə sponsor olmuş “Misli”nin rəhbərlərinin kadrıdı. Bu bukmeker kontoru zatən ölkədə o qədər də müsbət nüfuza malik deyildi, ölkə futboluna ancaq ziyan vurmaqla məşğul olduğu söylənilirdi, indi də bu çıxdı. Santuşu son olaraq qovulduğu “Beşiktaş”a gətirən də, ordan Azərbaycana transfer edənlər də eyni adamlardı. Özü də onlar bu keçidi çox tələsik həll ediblər. Uzun araşdırmalar, danışıqlarla əmələ gələn bir iş deyil, ani effektlə həllini tapmış çalışmadı.
Qocalıq da bir şey deyil
Ümumiyyətlə, müasir futbolda 70 yaşlı məşqçiyə normal yerlərdə iş tapmaq heç də asan məsələ deyil. Bəli, Qasperini, Ançelotti və başqaları da elə təxminən bu yaşdadı. Amma bu həna o hənadan deyil, həm də tendensiya dəyişir. Böyük klublar yavaş-yavaş da olsa, komandaya rəhbərlik edəcək şəxslərin yaş ortalamasını az qala 40-45-ə endirməkdədi, biz isə bunun iki qatına qatlaşmalı olacağıq.
“Yaşı çoxdusa, avtomatik pisdi, bacarıqsızdı?” Yox, təbii ki. Ancaq 70-dən 70-ə fərq var. Portuqaliya ilə Avropa çempionatında uğur qazanmasına, Kriştianolu qızıl medallara kölgə salmayacam. O qədər ulduzla yola getmək az bir şey deyildi. Santuş o vaxt düz eləmişdi. Ancaq indi nə Portuqaliya var, nə də Ronaldo, nə də Avropa çempionatı. Azərbaycan yığmasında Kriştiano və digərlərinə heç bir raket atışı məsafəsi qədər yaxın düşəcək futbolçular da yoxdu. Ən çox güvəndiyimiz adam Zaqreb “Dinamo”sunun ehtiyatında oturur, son iki ildə millidə cəmi 1 qol vurub. Başqalarını heç sadalamıram. Kiminlə uğur qazanacaq, nə edəcək bu adam? Bizim zorla, özümüzünkülərdi deyib dözdüyümüz yarımfabrikat futbolçulara dözə, onlara vaxt və enerji sərf edə biləcəkmi?
Necə futbol oynadır?
Uzun müddət Portuqaliyada çalışdığına və oradan izlədiyimizə, son olaraq da “Beşiktaş”dakı işinə görə müəyyən fikirlər yürütmək olar. Ümumi götürsək, praqmatik futbol tərəfdarıdı. Hətta Kriştianolu yığmaya başçılıq edəndə belə əks-hücumlara bel bağlayırdı. Müxtəlif vaxtlarda 4-4-2, bəzən 4-3-3 oynatsa da, əsasən 4-2-3-1, onun daha çox müdafiəyəmeylli formasının tərəfdarıdı, nəticə futboluna üstünlük verir. Bunun müsbət cəhəti daha az qol buraxmaqdısa, mənfi tərəfi qol vura bilməmək, nəticə qazanmağın çətinliyidi. Bəli, sənin əlinin altında super forvardlar, ön xətt oyunçuları varsa, bu formasiya öz effektini verə bilər. Azərbaycanda bu işləməyəcək. Biz qapımıza oturanda qol buraxırıq, qol vurmaq üçün isə oyunu hamılıqla hücumda keçirməliyik. Başqa yolumuz yoxdu. Santuş da bunu bilməli, özünə, öz fəlsəfəsinə ya xilaf çıxmalı, ya da düzəlişlər eləməlidi.
Biz Santuşdan nə istəyirik?
Nə qədər etiraz etsək də, artıq məsələ həll olunub, Santuş da Azərbaycan yığmasının baş məşqçisidi. Bu faktı qəbul edib, “bu adamdan maksimum nə səmərə əldə edə bilərik” sualı ətrafında düşünməliyik. Biz cənab Santuşdan nə istəyirik?
Əvvəla, işinə ciddi yanaşmasını. Bəli, biz bir Portuqaliya və ya Polşa deyilik. Amma bir banan ölkəsi də deyilik. Futboldan da başımız çıxır, az-çox nəsə etməyi bacarırıq. 20 il əvvəl bizə bir ölkə olaraq reklam lazım idisə, indi buna ehtiyacımız yoxdu. Məsələn, rəhmətlik Karlos Alberto Torresin gətirilməsini səhv olsa da hardasa başa düşmək olardı ki, adam tanınır, reklam olacaq, həm bu addan istifadə edib diqqət cəlb edəcək, həm də təcrübəsindən yararlanıb nəsə plan həyata keçirəcəyik. O vaxtkı infrastruktur da, futbol düşüncəmiz də, baxış bucağımız da başqa idi, indi başqa. İndi az-çox ayağa qalxmışıq, infrastruktur baxımından sıfırdan bir qədər qabağa tərpənmişik, alayarımçıq da olsa, legioner həyatı yaşayan futbolçularımız var, avrokubokların qrup mərhələsi yuxularımız, xəyallarımız deyil reallıqdı, “Qarabağ” kimi Avropanın güclü komandalarına meydan oxuyan qüvvəmiz var. Elə son olaraq Santuşun vətəninin “Braqa”sını hansı vəziyyətə saldığımızı hər kəs gördü. Ümid edirəm, hətta əminəm ki, Santuş da görüb. Bununla yanaşı, Premyer Liqamız bir az özünə gəlib, aşağı dəstələri düzəltmişik, regionlarda cüzi də olsa tərpəniş var. Siyahını uzatmaq olar. Yəni qısa desək, eramızdan əvvəlin Azərbaycanı deyilik. Futboldan da başımız çıxır, yalan-palanla da bizi aldatmaq olmaz. Yuxarıdan-aşağı münasibəti də qəbul etmirik. Fernando müəllim Azərbaycana gəlibsə, oturub işləməli, (zatən az qalan) vaxtını bizə sərf etməlidi.
Vaxt sərfi demişkən, Premyer-Liqa matçlarının mütəmadi izlənilməsini tələb etməliyik bu mütəxəssisdən. Portuqaliyalı mütəmadi olaraq Tovuzda, Şamaxıda, Sumqayıtda, Zirədə peyda olmalı, nə durumda olduğumuzu aşkar görməli, seçim etməli, lazımdısa, yeni yığma komanda formalaşdırmalıdı. Daha De Byazi kimi yalandan matçlara gedib, sonra yığmaya 2 aydı komandasında 1 dəqiqə belə meydana çıxmayan futbolçuları cəlb edib hər şeyi darmadağın etməməli, "otkat"la işləməməli, sifarişlə start heyəti qurmamalıdı. Santuş gərək olarsa, hətta I Liqa, II Liqaya da baş çəkməli, futbolumuzu yaxından tanımalıdı. Ki, ölkə futbolunun strateji inkişafına öz tohfəsini, ona təkan verə bilsin. Lazımdısa, hətta legioner limitinin dəyişdirilməsini də tələb etsin, məsələn, 6+5, yaxud 9+2 olmasını istəsin. Amma havadan yox, əsaslandırmaqla, perspektivini göstərməklə. Bizə sadəcə oyundan-oyuna gəlib, 3 gün məşq keçib, taktika qurub yığma komandanı meydana çıxaran biri lazım deyil. Dövlət işə əl qoyub, ciddi maliyyə ayırır, futbola böyük diqqət göstərir ki, ortaya nəsə çıxara bilək. Belə həssas məqamda Santuş təcrübəsini bizimlə bölüşməyəcəksə, onda deyiləcək söz yoxdu. Cənab Santuş əlaqələrindən istifadə edərək yerli futbolçularımızı Avropada yaxşı komandalarda legioner həyatı yaşamasına şərait yaratmalıdı. Hər halda, onun sözünü yerə salmazlar, perspektiv vəd edən oyunçularımızı ən azından bir mövsümlük sınamaq istəyinə “yox” deməzlər.
Nəticə qazanmalıdı. Vacib deyil builki Millətlər Liqasının qalibi olaq. Vacib olan odu ki, 3 ildən sonra növbəti Avropa çempionatına vəsiqə verən yarışda “dişimizə görə” olan rəqiblərimizi üstələyə bilək. Bunun üçün indidən futbol fəlsəfəmizi formalaşdırmalıyıq. Əslində varımızdı, biz Qafqaz futbol oynayırıq, hücum edə bilir, texnikalı futbol nümayiş etdirməyi sevir, bacarırıq. Bizi 7 müdafiəçi ilə meydana çıxıb hesabı qorumağa məcbur eləmək bir futbol cinayətidi. Bunu etmək istəyənlər heç biri uğura nail ola bilməyiblər. Yalnız Prosineçki nəsə eləyə bilib, o da məhz bizə inandığına, xoşbəxtliyi rəqib qapısında axtardığına görə bunu edə bilmişdi. Santuş da belə etməlidi. Eybi yox, bu ML-də, növbəti seçmə mərhələdə də birincilərdən olmayaq, amma nə oynadığımızı, nə bacardığımızı bilək. Portuqaliyalı bizə dəst-xətt göstərməlidi. O dəst-xətt ki, onunla biz 2028-ci ildə Böyük Britaniya və İrlandiyada keçiriləcək Avropa çempionatında oynayaq.
Son söz
Bir tərəfdən adam ölkəyə ayaq basmamış təkərinə çomaq soxmaq da düz deyil, digər tərəfdən millidən çəkdiyimiz zülmün tezliklə bitməsini istəyirik. İstəyirik ki, “Qarabağ”la yaşadığımız sevincləri üçrəngli bayraq altında da yaşaya bilək. Çox şey istəyirik? Məncə, yox. Fernandu Santuş bura vaxt keçirməyə, yaxşı "pensiya" dalınca gəlibsə, bu iş alınmayacaq. Sezib, yaxasından yapışıb "özünə qaytaracaq", sonra da Pireneyə birdəfəlik yola salınmasını təmin edəcəyik.
Biz ondan çox şey gözləyirik, bunun üçün də olan-qalan hər şeyimizi verməyə hazırıq. Biz üzərimizə düşəni edəcəyik. "Mühəndis" ləqəbli yeni baş məşqçimiz də eynisini edəcəkmi, bu sualın cavabını çox yaxınlarda biləcəyik.
Kənan Məstəliyev