Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının bu gün mətbuat üçün açıq məşqi, məşqdən əvvəl isə komandanın kapitanı Rizvan Fərzəliyevin brifinqi keçirilib.

Rekord.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Fərzəliyev əvvəlcə rəqibləri dəyərləndirib:

“İk oyunda meydan sahibi komanda ilə qarşılaşacağıq. Bir tərəfdən yaxşıdır, əsas rəqibimizlə üz-üzə gələcəyik, amma meydan sahibi olmaları, heyətlərində keyfiyyətli futzalçıların olması bizim üçün yaxşı məqam deyil. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdi”.

Fərzəliyev Rusiya millisini heç də aşkar favorit hesab etmir:

“Deməzdim ki, Rusiya millisi aşkar favoritdir. Rusiya yığması ilə yaxın keçmişdə turnirlərdə üz-üzə gəlmişik. Bizdən heç də aşkar üstün deyildirlər. Razıyam, təcrübəli komandadır, dəfələrlə Avropa, dünya çempionatlarının finalında iştirak edib. İstənilən hər bir komandanın şansı bərabərdir. Komandamıza güvənirəm, inanıram və mərhələ adlayacağımıza inanıram”.

Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları yanvarın 29-da, 30-da və fevralın 1-də Xorvatiyanın Osiek şəhərində keçiriləcək. Komandamız müvafiq olaraq Xorvatiya, Rusiya və Slovakiya yığmaları ilə qarşılaşacaq. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pilləni tutan komandalar isə aprelin 9-da və 12-də keçiriləcək pley-off oyunlarında iştirak edəcək. Qaliblər həlledici mərhələdə oynamaq hüququ qazanacaq.