“Neftçi”nin futbolçusu Mark Tamaş Macarıstan mətbuatına açıqlama verib.

Rekord.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın 9-cu turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdə bu nəticəyə layiq olmadıqlarını bildirib:

“Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu”.

Tamaş hücum xəttində yer alan futbolçulardan daha effektli oyun gözləyir: “Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram”.

Macarıstanlı futbolçu baş məşqçi Adrian Mutunun komandanı bu vəziyyətdən çıxaracağını düşünür: “Əvvəlcə Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı yaxaladım. Buna görə çox şadam. Son 3-4 görüşdə özümü gözlədiyim formada hiss etdim. Baş məşqçimiz Adrian Mutu mənə güvənir. Xoşbəxtlikdən klub rəhbərliyi də ona inanır. O, ötənlərin məşhur hücumçusudur. Şübhəsiz ki, bizi daha effektli etməyin yolunu tapacaq. Bəlkə də hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar”.

Təcrübəli oyunçu Macarıstan millisinə çağırılmamasını normal qarşılayıb: “Yığmamız son vaxtlar sabit və uğurlu futbol göstərir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.

Qeyd edək ki, “Neftçi” hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.