"Uğur"un prezidentindən qəribə açıqlamalar: medianı qınadı, futbolçuları hədələdi
- 16 Okt 2019 15:00
- 1117
Region Liqasının ötən mövsümünün mükafatçılarının hələ də Əsasnamədə göstərilən pul mükafatına qovuşmadığını artıq neçə aydı deyirik. Əslində bunu biz yox, ardıcıl ikinci dəfə liqanın çempionu olan Sumqayıt “Uğur”unun futbolçuları bizə deyir. Son 4 ayda dəfələrlə redaksiyamızla əlaqə saxlayan çempion komandanın üzvləri AFFA-nın onların 10 min manatını vermədiyini söyləyiblər. Ötən həftə Sumqayıt təmsilçisinin üzvləri növbəti dəfə “Futbol+”ə zəng vuraraq hələ də 2018/19 “futbol ili” üçün nəzərdə tutuılan pul mükafatının klubun bank hesabına köçürülmədiyini bildirdilər. Və biz də bu məsələni növbəti dəfə işıqlandırdıq.
Region Liqasında yeni mövsümün startına saylı günlər qaldığını nəzərə alıb, AFFA-nın borcundan çıxıb-çıxmadığını bilmək istədik. Və bu məqsədlə “Uğur”un baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladıq. Çempion komandanın çalışdırıcısı sualın klub prezidentinə ünvanlanmalı olduğunu bildirdi. Qəzənfər bəyin dediyinə əməl edib “Uğur”un rəhbəri Vasif Maşayevi aradıq. Gənc iş adamı əvvəlcə zənglərimizi cavabsız qoydu, ancaq sonradan mesaj yazaraq iclasda olduğunu, toplantıdan sonra danışa biləcəyimizi dedi. Müəyyən vaxtdan sonra Vasif bəy bizimlə əlaqə saxladı və...
Təxminən iki ay öncə Sumqayıtın İcra Hakimiyyətini, şəhərin iş adamlarını, AFFA rəhbərliyini “Uğur”a biganəlikdə ittiham edib klubun fəaliyyətinə son verəcəyini rəsmi bəyanat şəklində yayan Maşayev bu dəfə AFFA-nı yox, rəhbəri olduğu klubun futbolçularını qınadı: “Futbolçu kimdi ki, komandadaxili məsələni ictimailəşdirir, mətbuata sızdırır? Mükafat üçün nəzərdə tutulan pul şəxsən klub prezidenti kimi mənə çatır. Mən mövsüm ərzində “Uğur”un çempion olması üçün verilən mükafatdan 5-6 dəfə artıq vəsait xərcləyirəm. Əslində 10 min manatın verilməməsinə görə mən narahat olmalıyam, futbolçu yox. Bəli, klub prezidenti kimi insanlıq edib ötən mövsüm çempionluq üçün AFFA tərəfindən verilən pul mükafatının komanda üzvləri arasında bölüşdürlməsinə qərar vermişəm. Bu dəfə də eyni addımı atmağı düşünürəm. Ancaq futbolçuların məndən xəbərsiz mediaya çıxması, AFFA-nın nəzərdə tutulan pul mükafatını vermədiyini deməsi və bu hadqa giley-güzar etməsi heç bir çərçivəyə sığmır. Bir daha deyirəm, pul mənə çatacaq və mən artıq qərar verə bilərəm ki, mükafat hara sərf oluna bilər. Həmin pulu “Uğur”un Türkiyədə təlim-məşq toplanışına da sərf edə bilərəm, başqa istiqamətə də yönəldərəm. Ola bilsin, AFFA rəhbərliyi hansısa səbəbdən sözügedən vəsaiti bizim bank hesabımıza köçürməkdə gecikir. Bunu anlayışla qarşılamaq lazımdı. Məsələ ilə bağlı sizin redaksiyaya şikayət edən futbolçu böyük səhvə yol verib, başından böyük iş görüb”.
Yuxarıda qeyd etdiyimiz kimi, iki ay öncə biganəlikdən şikayətlənən, klubun fəaliyyətini dayandıracağı ilə bağlı Sumqayıt İcra Hakimiyyətini şantaj edən klub prezidenti yaşanan söz-söhbətdə medianı qınamağı da unutmadı: “Mən başa düşmürəm, sizin qəzet və ya başqa mətbu orqanlar nəyə görə bu məsələyə xüsusi önəm verir? Klubun sahibi mənəmsə, hər şeyə də mən cavabdehlik daşıyıram. Medianın bu işdə marağı nədi?”
Bu yerdə həvəskar statusu daşıyan liqada çıxış edən klubun prezidenti olan Vasif bəyə “idman mətbuatının işinin ölkə futbolunda yaşanan problemləri işıqlandırmaq olduğunu” xatırlatdıq və onu da əlavə etdik ki, “hətta ölkə futbolunun “lokomotiv”i olan “Qarabağ”da belə baş verən neqativ olaylara media göz yummur, klub rəhbərliyini, futbolçuları tənqid edir” dedik. “Uğur”un prezidenti isə söylədiklərimizin qarşılığında bunları bildirdi: “Qarabağ”, “Neftçi” və ya başqa klub öz yerində. “Uğur”un prezidenti mənəm və bu klub qapalı səhmdar cəmiyyətdi. Ona görə də istəmirəm ki, daxildə yaşananlar kənara çıxsın. Mənə başqa klublarda başverənlər maraqlı deyil. Sabah bu məsələ ilə bağlı klubdaxili toplantı keçiriləcək və başverənlərlə bağlı orda futbolçularla ciddi söhbətimiz olacaq”. ("Futbol plus" qəzeti)