3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanan Ukrayna komandasının baş məşqçisi Yuri Protsyuk Rekord.az-a müsahibə verib:

 

- Öncə turnir və ölkəmiz haqda təəssüratlarınızı öyrənək...

Azərbaycanda ilk dəfə Birinci Avropa Oyunlarında olmuşam. O zaman ikinci yer tutaraq, yaxşı nəticə göstərmişdik. Mənim Azərbaycanla bağlı həmişə xoş təəssüratlarım var. İndi yeni tarix yaradılır. Dünya Qadın Seriyasında rəqiblərimizə qalib gələrək, ¼ finala vəsiqə qazandıq. Çox məmnunam ki, burada Ukrayna komandasını dəstəkləyirlər. Azərbaycan xalqı mehriban, qonaqpərvərdir. Bizim üçün bu dəstək çox vacibdir. Bildiyiniz kimi, Ukrayna hazırda çətin dönəm yaşayır və belə bir dönəmdə Azərbaycanın dəstəyini hiss edirik. Küçədə gedən zaman insanlar gəlib bizimlə şəkil çəkdirir, söhbətlıəşir. Bu isə bizim üçün çox xoşdur. 

- Gözlənilməz oldu sizin üçün?

- Gözlənilməz oldu. Dediyim kimi, adi küçədə gedən zaman insanlar özləri yaxınlaşıb şəkil çəkdirir, söhbət edirlər.

- Qrup mərhələsini uğurla dəf edərək, 1/4 finala vəsiqə qazandınız. Bundan sonrakı hədəfiniz nədir?

- Biz iki ildir ki, Dünya Qadın Seriyasında iştirak etmirdik, indi elitaya qayıtmışıq. Komanda Avropa Çempionatına hazırlaşır. Bu, bizim üçün ciddi start olacaq. 3-cü Avropa Oyunları mövsümdə mühüm start olacaq və buna görə də, biz hazırda bir qədər fiziki cəhətdən yüklənmişik. Taktiki baxımından vəziyyət normaldır, ancaq hələlik zəruri hazırlıq vəziyyətində deyilik. Bununla belə, qrupdakı oyunlar göstərdi ki, qızların mübarizə aparmaq üçün xarakterləri var.

- Az öncə dəq eyd etdiniz ki, ölkəniz çox çətin durumdadır. Məlum məsələdir ki, müharibə gedir və bu vəziyyətdə məşq etmək, normal hazırlıq keçmək mümkün deyil. Bunu necə edirsiniz?

- Həqiqətən də çox çətin durumdu. Hər an həyacan siqnalı çalına bilər, hər gün bombardımanın şahidi oluruq. Belə olan sığınacağa qaçırıq, təhlükə sovuşandan sonra yenidən geri qayıdıb məşqə davam edirik. Bu, Ukraynanın reallığıdır. UKrayna müharibə istəmir və bunun bitməsini istəyir. Bütün bu olanlar hamısı Putinə görədir.

 

Anar XANLAROV, Astara