Azərbaycanlı futbolçular arasında legioner həyatı yaşayanların sayı bir əlin barmağı qədər deyil. Rekord.az xəbər verir ki, onlardan biri də gənc yaşlarından bu yola qədəm qoyan Arziman Rizvanovdur. Bir müddət Çexiyada “Banik”, “Bohemians” klublarının şərəfini qoruyan U-21-in üzvü 2019-cu ilin yayında Ukraynanın güclülər dəstəsində çıxış edən “Olimpik”lə müqavilə imzaladı. Donetsk təmsilçisi gənc futbolçunun daimi oyun təcrübəsi qazanması üçün mövsümün əvvəlində birinci dəstədə çıxış edən Kramatorsk “Avanqard”ına icarəyə verdi. Hazırda “Avanqard”ın şərəfini qoruyan Arzimanla həm karyerası, həm də Ukrayna futbolu haqda söhbətləşdik.

 

 

- Pandemiyadan sonra Ukrayna futbolunda vəziyyət necədi?
- Həm güclülər, həm də birinci dəstədə mübarizə davam edir. Çempionat davam etsə də, futboçular üçün çox çətindi. Bir neçə ay futbolsuz qalıb, sonradan sıx qrafiklə meydana çıxmaq sizə asan gəlməsin. İcarə əsasında şərəfini qoruduğum “Avanqard”ın da mübarizə apardığı birinci dəstədə çempionatın sona çatmasına hələ 8 tur qalıb. Pandemiya ilə bağlı yaranmış məcburi istirahətdən sonra komandalar 3 oyuna çıxıblar. Plana uyğun olaraq avqustun 11-də mövsüm başa çatmalıdı. Komandalar 10 gündə üç oyun keçirmək məcburiyyətindədilər. İki həftədən bir isə bütün iştirakçılar koronavirus testindən keçməlidilər.

- Azərbaycanda AFFA birinci test zamanı klublara maddi planda yardım etdi. Bəs Ukraynada?
- Bildiyim qədər federasiya buna görə hər bir kluba müəyyən məbləğdə yardım edir. Ancaq hansı məbləğdən söhbət getdiyini bilmirəm.

- Ümumiyyətlə, pandemiya ilə bağlı Ukraynada vəziyyət necədi?
- Ölkədə karantin rejimi tətbiq olunsa da, Azərbaycandakı kimi sərt deyil. İnsanlar istədiyi vaxt küçəyə çıxa bilirlər, həftəsonları evə qapanma yoxdu, ictimai nəqliyyat, Kiyevdə metro işini davam etdirir. Adamlar özləri-özlərini qoruyurlar.

- “Avanqard”da icarə əsasında çıxış edirsən və mövsümün sonunda icarə müddətin başa çatır. Bundan sonra necə olacaq? “Olimpik”ə qayıdacaqsan, yoxsa başqa variantlar var?
- Əslində icarə müqaviləmin müddəti mayın sonunda başa çatmışdı. Ancaq məlum səbəbdən Kramatorsk klubu ilə anlaşmanın müddətini iki ay da uzatdım. İstəsəydim, bunu etməzdim. Ancaq yerli federasiyanın qərarına uyğun addım atdım. Bunu etməsəydim, avqustun ortasına qədər futbolsuz qalmalı olacaqdım. Federasiya müqaviləsinin müddəti başa çatan oyunçular qarşısında şərt qoydu. Ya anlaşmanın müddəti iki aylıq uzadılmalı, ya da işsiz qalmalısan. Avqustun 11-dən sonra gələcək karyeram haqda düşünüb qərar verəcəm. İndi əsas diqqətimi məşqlərə və oyunlara kökləmişəm. Onsuz da xeyli vaxtdı böyük futboldan uzaq düşmüşük. Bilirsiz ki, “Olimpik”lə 2021-ci ilin mayına qədər müqaviləm var. Avqustda agentimlə məsləhətləşib, qərar verəcəm.

- Hər halda, “Olimpik”də qalmağın daha məqsədəuyğun olardı, elita təmsilçisidi.
- Ehtiyatda oturmaq istəmirəm. Düzdü, bəzi dostlar deyir ki, güclülər dəstəsində çıxış edən komandanın ehtiyat oyunçular skamyasımda oturub şansını gözləmək birinci divizion klubunda oynamaqdan daha yaxşıdı. Ancaq mən belə fikirləşmirəm. Məncə, daim meydanda olmaq daha yaxşıdı. Ola bilsin, “Olimpik”də qaldım və ya başqa kluba icarəyə yollandım. Başqa təklifləri də gözdən keçirəcəm. Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm.

- Hər müsahibəndə karyeranı ölkə xaricində davam etdirmək istədiyini bildirirsən. Sabah avrokubokda çıxış edən Azərbaycan klublarından təklif alsan, qəbul edərsən?
- Baxır təklifə. İddiasız, qarşısına heç bir məqsəd qoymayan komandada daha çox maaşa oynamaqdansa, daha aşağı məvacibə legioner həyatı yaşamağa üstünlük verərəm. Düzdü, bir azərbaycanlı futbolçu üçün legioner həyatı yaşamaq çətindi. Burda çox nüanslar var. Buna baxmayaraq, çalışıram ki, qarşıma qoyduğum məqsədə çatım. Bu il xüsusilə çətin oldu. Pandemiya səbəbindən uzun müddətdi Bakıya gələ bilmirəm. Yaxınlarım, valideynlərim ilə ancaq telefon vasitəsilə əlaqə saxlayıram.

- Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərər səbəbindən yeni mövsümdə Azərbaycan klublarının büdcələrinin aşağı salınacağı gözlənilir. Bəs Ukraynada bu yöndə vəziyyət necədi?
- COVID-19 pandemiyası nəinki Azərbaycanın, bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurub. Ukrayna da istisna deyil. Burda vəziyyət daha ağırdı desəm, yanılmaram. Bütün sahələrdə, o cümlədən futbolda maddi cəhətdən eniş yaşanır. Artıq bununla bağlı ilk işartılar sezilir. Bütün sahələrdə qarşılıqlı razılıq əsasında maaşlarda endirimlər edilir.

- Pandemiya səbəbindən Azərbaycan premyer-liqasında və divizionda çempionat erkən yekunlaşdı. Ukraynada buna münasibət necə oldu?
- Kimi qərarın haqlı olduğunu bildirdi, kimi də səhv addım kimi qarşıladı. Yəni fikirlər fərqli oldu. Ukraynada necədi? Elə klublar var idi ki, koronavirus səbəbindən çempionatın erkən başa çatdırılmasını istəyirdi. Hətta buna görə bu gün bilərəkdən meydana çıxmaq istəməyən komandalar da var. Belə kollektivləri peşəkar statusdan məhrum etmək cəzası tətbiq olunub. Məsələn, Lvov “Karpatı”sını belə cəza gözləyir. AFFA-nın qərarını dəstəkləyənlərin fikrincə, belə uzun fasilədən sonra gərgin qrafiklə oyunların keçirilməsi futbolçulara çox sayda problem yaradacaq. Əksini düşünənlər isə idman prinsiplərinin pozulduğunu söyləyirlər. Ancaq Azərbaycanla müqayisədə Ukraynada durum bir qədər fərqlidi. Burda çempionatın bərpa olunmasına təsir edən əsas amil aşağı dəstədən yüksək liqaya kimin çıxacağı və ya əks marşrutla hansı komandanın hərəkət edəcəyi oldu. Azərbaycanda belə problem yoxdu. Ukrayna Futbol Federasiyasının məqsədi yeni mövsümdə yüksək dəstədə 14 komandalı çempionat keçirməkdi. Birinci liqada isə ilk yerdə olan kollektivlə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan komanda arasında cəmi 4 xal fərq var. Yəni bu “8-lik”dən istənilən komanda güclülər dəstəsinə vəsiqə qazana bilər. (Futbol+)