Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə Ukrayna Premyer Liqasında 2019/20 mövsümünün taleyinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, bununla əlaqədar Ukrayna Futbol Federasiyasının, Premyer Liqanın rəhbərləri ilə elitada mübarizə aparan klubların nümayəndələri arasında həlledici görüş keçirilib.

Görüşdə çempionatın bərpa olunması qərara alınıb. Belə ki, Ukrayna Premyer Liqası mayın 30-dan etibarən qaldığı yerdən davam etdiriləcək. Lakin oyunlar mövsümün sonuna kimi azarkeşsiz keçiriləcək. Mövsümün sonuncu – 32-ci turunun oyunları iyulun 19-da baş tutacaq. Çempionatın pley-off oyunlarının, həmçinin Ukrayna kubokunun final qarşılaşmasının tarixinin daha sonra müəyyənləşdirilməsi qərara alınıb. Digər qərara əsasən klubların U-21 və U-19 komandaları arasında təşkil olunan birinciliklər bərpa olunmayacaq.