"AFFA-dan mənimlə əlaqə saxlayan olmayıb. Amma bu o demək deyil ki, Azərbaycan millisində oynamaq arzusundan əl çəkmişəm".

 

Rekord.az xəbər verir ki, bunu fanat.az-a açıqlamasında Ukraynanın "Karpatı" klubunun hücumçusu Mixail Xodukin deyib.

 

"İnter"in (indiki "Keşlə") sabiq çalışdırıcısı - ötən ilin sonlarında dünyasını dəyişən Valentin Xodukinin 18 yaşlı nəvəsi müəyyən fasilədən sonra məşqləri bərpa etdiyini bildirib:

 

"Koronavirus pandemiyası üzündən klubun U-19 komandasıyla arzulanan səviyyədə məşq edə bilmirdim. Ailəmizdə hamı koronavirusa yoluxmuşdu. Bildiyiniz kimi, babamı da bizdən  koronavirus aldı. Onun ölümündən sonra məndə müəyyən ruh düşkünlüyü yaranmışdı. Başqa cür ola da bilməzdi... Babam həmişə mənə dəstək veriridi. Futbolla bağlı hər şeyi təbii ki, daha çox onünla bölüşür, məsləhətlərini dinləyirdim. Onun yoxluğuna öyrəşmək asan deyildi. Bu mənada vəziyyət nisbətən yaxşılaşıb. Artıq bir aydır ki, məşq edirəm. Müəyyən müddətdən sonra yaxşı formada ola biləcəyimi düşünürəm. Əsas odur ki, futbolu sevirəm və başqalarından daha çox çalışmalı olduğumu bilirəm".

 

Mixail Azərbaycanla bağlı hər şeylə maraqlandığını vurğulayıb: "Bütün uşaqlığım Bakıda keçibsə, mənim üçün çox doğma olan Azərbaycanı heç vaxt unuda bilmərəm. Buna heç mənəvi haqqım da çatmır. Şükürlər olsun ki, Azərbaycan öz torpaqlarını işğalçılardan təmizlədi. Hər gün saytları izləyir, Qarabağın azad olunacağı günü səbirsizliklə gözləyirdim. Azərbaycan ordusunun gücü ilə sadəcə, qürur duydum.

 

Çempionatı da diqqətdə saxlayıram. Təəssüf ki, müxtəlif yaş qrupları üzrə komandalarında oynadığım "İnter"dən əsər-əlamət yoxdur. "Keşlə"nin niyə bu vəziyyətdə olduğunu siz məndən daha yaxşı bilərsiz. Ümid edirəm ki, gələcəkdə belə olmayacaq. Bilmək olmaz, bəlkə nə vaxtsa yenidən o klubun futbolçusu oldum. Hər şey özümdən asılıdır. Mənə elə gəlir ki, özü üzərimdə daha çox işləsəm Azərbaycan millisində də oynamaq şansı qazana bilərəm. Mən bacardığım qədər çox məşq edib AFFA_dan zəng gözləyəcəm. Bu, mənim üçün xüsusi stimuldur. Hər şeyin özümdən asılı olduğunu anlayıram. Onu da bilirəm ki, ordakı klubların birində oynasam, şansım daha da artar. Planlarımı bunun üzərində qururam".