İsveçrənin Lozanna şəhərindəki Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparmış Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, 17 yaşlı idmançı, çıxışından razı qalmadığını deyib:

“Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əskiklər var idi”.

Ryabova, “Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən ilk idmançı olmaq necə hissdir” sualına belə cavab verib:

“Çox əla hissdir. İlk olaraq bu yarışda Azərbaycanı təmsil etməkdən məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm”.

O, yarışda qarşısına çıxan çətinliklərdən və daha yaxşı nəticə əldə edə bilməməsinin səbəbindən danışıb:

“Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu”.

Ryabova, ölkəni böyüklərin olimpiadasında təmsil etmək ehtimalından da söz açıb:

“Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacam”.

9 yanvarda başlayan Lozanna-2020-yə bu gün yekun vurulacaq. Yekaterina Ryabova yarışı 8-ci pillədə başa vura bilib.