“Bir neçə gün öncə çox vacib bir qələbə qazanmışdıq. Bəzən belə qələbələrin əks effekti olur".


Rekord.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker deyib.


Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Naxçıvan"a 70:76 hesablı məğlubiyyəti şərh edib:


"Bu gün ötən dəfəki kimi komanda oyunu oynaya bildik. Əsas məsələ budur. Lakin matçın ilk hissəsini bərabər oynaya bilmədik. Hər kəs oyunu öz üzərinə çəkmək istəyirdi. Dolayısı ilə bizim qaçırdığımız atışlardan sonra rəqib xallar qazanıb fərqi böyütməyə başladı. 10 say fərqli üstünlüyü əldə etdikdən sonra "Naxçıvan" psixoloji olaraq da üstün duruma keçdi. Çox az zamanımız qalanda bir reaksiya verməyə başladıq ki, bu da yeterli olmadı. 2-ci hissədəki oyundan və mübarizədən məmnunam. İlk 2 dövrədən isə qətiyyən yox. Liqa davam edir. Milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Bəzi oyunçularımız vətəni ABŞ-a istirahət üçün yollanır. Bir neçə gün komanda istirahət edəcək və sonra yenidən bir araya gələcəyik.


Erhan Toker Azərbaycan kubokunun 1/4 finalında "Naxçıvan"dan revanş almağa çalışacaqlarını bildirib: "Bəlkə də ən vacib anda, kubokda onları məğlub edəcəyik (gülür). Liqada tək onlara qarşı qələbəmiz yox. İlk oyunda çox böyük üstünlüyü əldən vermişdik. Digər matçda əsas oyunçularımızdan biri yox idi. Bu oyunda da səbəbləri dedim. Ümid edirəm kubokda və sonrakı çempionat oyununda "Naxçıvan"ı məğlub edəcəyik".