Ümid Səmədov: “Millidə çıxış etməyə hazıram”
- 11 Okt 2019 15:48
- 1325
O, “Kəpəz”in tarixinə komandanın heyətində debüt etmiş ən gənc futbolçu kimi düşüb.
Rekord.az xəbər verir ki, 14 yaş 352 günlüyündə əsas komandada rəsmi oyuna çıxıb. Amma tək bununla kifayətlənməyib. Həm də Gəncə klubunda fərqlənən ən gənc oyunçu (15 yaş 213 günlüyündə) olub. Yəqin ki, “sarı-göylər”in azarkeşləri söhbətin kimdən getdiyini başa düşdülər. Gəncə futbolunun parlayan siması Ümid Səmədov nəzərdə tutulur. Komandanın sabiq baş məşqçisi Etibar İbrahimovun “Kəpəz”ə qazandırdığı Səmədov ötən mövsümdən fərqli cari çempionatda daha çox oynamaq şansı əldə edir. O, artıq meydana əvəzetmədən yox, əsas heyətdə çıxır. III turda “Sumqayıt-2” komandasına qarşı ev matçından başlayaraq Yaşar Vahabzadənin ilk “11-lik”də şans verdiyi Ümid 4 oyundur ki, bütün 90 dəqiqəni meydanda keçirir.
Bu gün 16 yaşını tamamlayan “25 nömrə” klubun mətbuat xidmətinə müsahibə verib:
- Ümid, “Kəpəz” ardıcıl qələbələrlə turnir cədvəlində mövqeyini yaxşılaşdırıb. Komandadakı yüksək əhval-ruhiyyə kənardan da hiss olunur. Hər şey yaxşıdı?
- Son iki oyunda daha yaxşı oynadığımızı deyə bilərəm. Elə qeydə alınan nəticələr də bunu söyləməyə əsas verir. Əvvəlcə evdə, daha sonra səfərdə qələbə qazandıq. Çox sevincliyəm. Hər iki oyunda əsas heyətdə oynamaq şansı əldə etmişdim. Qələbə olan yerdə işlər də yolunda gedir. Şükür, vəziyyətimiz yaxşıdı.
- Ötən mövsüm meydana əvəzetmədən çıxsan da, cari çempionatda əsas heyətdə oynamağa başlamısan. Bu haqda nə deyə bilərsən?
- Buna görə bütün məşqçilərimə minnətdaram. Keçən mövsüm Etibar İbrahimov, bu mövsüm isə hazırkı baş məşqçimiz Yaşar Vahabzadə mənə oynamaq imkanı yaradıb. Onlara etimada görə təşəkkür edirəm. Hər məşqçi mən yaşda olan futbolçunu meydana buraxmır. Amma hər iki mütəxəssis mənə inandı. Mütəmadi oynamağım da buna bağlıdı. Yəqin ki, hələ ümidləri doğrulduram. Uğurlarımı həm də ilk məşqçim olan atam İlham Səmədova borcluyam.
- Hər halda özün də oynamağa, mübarizə aparmağa hazırsan ki, məşqçilər də sənə güvənir...
- Əlbəttə, əlimdən nə gəlirsə, meydanda etməyə çalışıram. Hələ ki, alınır. İnanıram ki, gələcək oyunlarda bundan daha yaxşısını azarkeşlərə göstərəcəyəm.
- Ümid, ölkəmizin 15 yaşlılardan ibarət yığma komandasına dəvət almışdın. İndi isə U-17-yə çağırılacağını gözləyirsən?
- Göstərdiyim oyunla yığma məşqçilərinin diqqətini cəlb edəcəyimi düşünürəm. Millidə çıxış etməyə hazıram. Açığı, dəvət gözləyirəm. I Divizonda əsas heyətdə oynayan 2003-cü il təvəllüdlü ilk futbolçuyam. Özümə inanıram, qalır yığma məşqçilərinin mənə güvənməsi (gülümsəyir).
- “Kəpəz”də özün üçün yad mövqedə çıxış edirsən. Mərkəz hücumçusu olsan da, məşqçilər səni cinah müdafiəçisi kimi oynadır.
- Narahat və yerimdən narazı deyiləm. Hər bir futbolçu ona etibar olunan mövqedə oynamağı bacarmalıdır. Lazım gəlsə, qapıda da durmaq olar. Mənim üçün fərqi yoxdur. Məşqçilər harada oynamağı tapşırsalar, orada da oynayacağam.
- Hücumçu üçün müdafiə xəttində oynamaq çətin deyil?
- Yox, çünki yanımda daha təcrübəli komanda yoldaşlarım var. Novruz və Nodar Məmmədovlar daim kömək edirlər. Sizə deyim ki, yaşıma görə hücumda çıxış etmək bəlkə də mənə daha çətin olardı. Amma müdafiədə elə deyil. Bəzi görüşlərdə rəqib futbolçular yaşımın azlığını görüb aldatmağa çalışırlar, amma alınmır (gülür). Düzdü, keçənləri də var. Bu, futboldu, keçilməz oyunçu yoxdu. Sağ olsunlar, uşaqlar sığortalayırlar. Mən də əlimdən gəldiyi qədər komandama kömək etməyə çalışıram.